AZ

Uşaqların psixoloji tərbiyəsi: Sevgi, qayğı və doğru yanaşmalar...

“Valideynlər övladlarının emosiyalarını anlamalı və qəbul etməlidir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Aydan Məmmədova bildirib.

153691

Psixoloq qeyd edib ki, qidalanma zamanı yemək istəməyən uşağa məcburi yanaşma əvəzinə seçim imkanı verilməlidir:

 

“Azyaşlı uşaqlarda isterik və deviant davranışların müşahidə olunması tez-tez rast gəlinən haldır. Valideynlər bəzən bu davranışları ciddi davranış pozuntusu kimi qiymətləndirirlər. Lakin uşaqların dəcəllik etməsi, onların sağlam inkişafının təbii hissəsidir. Tamamilə sakit olan uşaqlara isə diqqət yetirmək vacibdir, çünki bu, emosional və psixoloji problemlərin göstəricisi ola bilər.

 

Valideynlərin uşaqların isterik davranışlarına düzgün yanaşmaması və yanlış reaksiyalar verməsi, bu davranışların daha da artmasına səbəb ola bilər. İlk növbədə, uşağın emosiyalarını anlamalı və qəbul etməlisiniz. Çünki uşaqlar bəzən hisslərini sözlərlə ifadə edə bilmədikdə qışqırır və ya ağlayırlar. Onların emosiyalarını anlamaq və qəbul etmək vacibdir. Məsələn, uşağınıza belə deyə bilərsiniz: "Görürəm ki, bu oyuncağı çox istəyirsən, amma bu gün onu ala bilmərik. Amma evdə sevdiyin oyuncaqlarla oynaya bilərik".

 

Daha sonra sakit və səbirli olun. Bəzən valideynlərin sakit və səbirli olması, uşağın emosional vəziyyətini sabitləşdirir. Əsəbi və sərt yanaşma uşağın davranışlarını daha da aqressiv edə bilər. Sərhəd və qaydaların müəyyən edilməsi də vacibdir. Bu zaman cəzalandırmağa ehtiyac yoxdur. Məsələn, belə deyə bilərsiniz: "Əgər oyuncaqları sındırarsan, onları düzəltməyəcəyik və yenisini almayacağıq. Amma oyuncaqları qorusan, daha uzun müddət istifadə edə bilərsən".

 

Qadağalar yerinə uşağa seçim imkanı vermək daha faydalıdır. Siz övladınıza alternativlər təklif etməlisiniz. Məsələn: "İndi parkda yelləncəkdə oynamaq istəyirsən, yoxsa sürüşkəndə?".

 

A.Məmmədovanın fikrincə, valideynlərin “Oyuncaqlarını topladın, afərin! İndi birlikdə oyun oynayaq”, deməsi, uşağın müsbət davranışlarını dərhal və səmimi şəkildə tərifləmək, həmin davranışın davamlı olmasına da səbəb olacaq:

 

“Digər vacib bir məqam isə gündəlik rutinlərin uşaqlar üçün önəmli olmasıdır. Sabit fəaliyyətlər uşağın emosional sabitliyini qoruyur. Məsələn: səhər oyandıqda çarpayısını toparladı, dişlərini fırçaladı, səhər yeməyini yedi, oynadı, oyuncaqlarını yerinə yığdı və s. Bu kimi ardıcıllıqlarla rutin yaratmaq mümkündür. Rutininə uyğun zaman keçirməyə də diqqət yetirmək lazımdır.

 

Qeyd etmək lazımdır ki, uşağın duyğularına ad verilməsi də vacib bir məsələdir. Uşağın emosiyalarını adlandırmaq, ona hisslərini anlamaqda və idarə etməkdə kömək edir. Eyni zamanda, davranışın nəticələrini izah etmək də vacibdir. Uşağa etdiyi davranışın nəticələrini izah etmək onun məsuliyyət hissini artırır. Məsələn: "Əgər oyuncaqları sındırarsan, onlar olmayacaq. Amma qorusan, uzun müddət səninlə olacaq".

 

Qidalanma zamanı yemək istəməyən uşağa məcburi yanaşma əvəzinə seçim imkanı verilməlidir. Məsələn: "Kökü dairəvi doğrayım, yoxsa uzun? Hansını istəyirsən?" Uşağa yeməklə bağlı oyunlar təklif edərək onu yemək üçün maraqlandıra bilərsiniz. Tərəvəzlərdən maraqlı fiqurlar düzəltmək və ya yeməkləri rəngli təqdim etmək uşağın marağını artırır. Ümumilikdə isə uşağın davranışlarını yaş dövrünə uyğun qiymətləndirmək vacibdir: 2-3 yaş: "Mən" dövrü - inadkarlıq və sərbəstlik istəyi; 4-5 yaş: Sərhədləri yoxlama dövrü; 6-7 yaş: Məktəbə hazırlıq və qaydalara uyğunlaşma; 9-12 yaş: Emosional dəyişikliklər və sosial təsirlərə açıqlıq".

 

Psixoloq açıqlamasını belə yekunlaşdırıb:

 

“Psixoloqa getmək imkanı olmayan valideynlər, ev şəraitində yuxarıda qeyd etdiklərimə əməl edərək, uşaqlarını düzgün şəkildə psixoloji cəhətdən tərbiyə edə bilərlər. Sevgi və qayğı ilə yanaşmaq uşaqların xoşbəxt və sağlam böyüməsində əsas rol oynayır. Eyni zamanda, ən önəmli məqam uşaqları arasında müqayisə etməməkdir".

Seçilən
6
50
azedu.az

10Mənbələr