“Barselona”nın baş məşqçisi Joan Laporta İspaniya La Liqasının “Xetafe” ilə 20-ci tur səfər oyunundakı hakimliyi tənqid edib.
Arena.az xatırladır ki, bu oyunda “blauqrana” 1:1 hesablı heç-heçə ilə barışmalı olub və çempionluq uğurunda mübarizədə vacib xallar itirib.
Joan Laporta matçdan sonra yerli mediaya açıqlamasında hakimliklə bağlı bunları söyləyib:
“Xetafe” ilə oyundakı hakimlik biabırçılıq idi. Jül Kunde ilə bağlı məqamda penalti verilməməsi qalmaqaldır. Antonio Rüdigerlə (“Real”ın almaniyalı mərkəz müdafiəçisi – redaktorun qeydi) oxşar məqamda isə fit çalınmışdı. Mətbuat müvafiq məqamların təkrarlarını daha tez-tez nümayiş etdirməlidir”, – AS dərgisi Laportadan sitat gətirir.
Xatırladaq ki, oyunun 80-ci dəqiqəsində künc zərbəsi zamanı “Barselona”nın fransalı sağ cinah müdafiəçisi Jül Kunde ilə “Xetafe”nin nigeriyalı hücumameylli yarımmüdafiəçisi Krisantus Uçe toqquşublar. Uçe cərimə meydançasında Kundedən yapışaraq, fransalı futbolçunu yerə sərməyə çalışıb. Oyunun ispan baş hakimi Pablo Qonsales Fuertes və VAR hakimləri bu məqamda qayda pozuntusunu görməyiblər.
Cari mövsümdə keçirdiyi 20 oyunda 39 xal toplamış “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. La Liqaya 46 xalla “Real” başçılıq edir.