AZ

Əmrah Çəlikəl: “Abdolbari Gözəl bəylə 2-3 saat çəkən iclasların bitməsini heç vaxt istəməzdik”

Yanvarın 18-i “Qarabağ” camiəsi üçün üzüntülü gün oldu: klubun fəxri prezidenti Abdolbari Gözəl vəfat etdi.

Ağdamlıların son 25 ildəki uğurlarının memarı olan mərhum iş adamı ilə bağlı xatirələrini klubun direktoru Əmrah Çəlikəl "Football-plus.az"la bölüşdü:

“Abdolbari Gözəl bəylə bağlı xatirələrimi sizə anlatmaq üçün gərək saatlarla danışaq və ya səhifələrlə yazım. Demək olar ki, cavan yaşlarımdan “Azərsun Holding”də işləməyə başladım. O vaxtlardan Abdolbari Gözəl bəyi tanımaq imkanım olub. Onu tanımaq, tabeliyində işləmək “Azərsun Holdinq”də işləyən hər kəs kimi, nənim üçün də çox büyük şans olub. İşləməyə başladığım ilk illərdən etibarən işçilərinə xüsusi qayğı göstərər, müntəzəm onlarla görüşər, həm təcrübəsini bölüşər, həm də qızıl dəyərində məsləhətlər verirdi. “Qarabağ” futbol klubunu himayəsinə götürdüyü ilk gündən işimizə yanaşma fəlsəfəmiz də 19 dəyərimiz əsasında olub. O bizlərə həmişə inanıb və dəstək olub. Nadir hallarda hansısa oyunda qalib gəldiyimizdə təbrik etməyə bilərdi. Ancaq məğlub olduğumuz matçlardan sonra imkanı varsa, kluba gələr, yoxsa mütləq telefon zəngi ilə dəstəyini bildirər, bizlərə inamını nümayiş etdirərdi. Bizlər onun inamının məsuliyyətini yaxşı başa düşürdük. Bizlərə heç vaxt çempionluq, kubok və ya Avropa oyunlarında hədəf qoymaz, həmişə əlimizdən gələnin ən yaxşısını etməyimiz üçün bizləri motivasiya edərdi. Azərbaycana, bayrağımıza, xalqımıza sevgisi çox böyük idi. Bizlərlə olan görüşlərində də bu sevginin vacibliyindən danışardı. Ümumiyyətlə, Azərbaycanda qazandığı bütün vəsaiti yenidən Azərbaycana yatırım etməklə bugünlərə gəldi. Abdolbari Gözəl bəylə orta hesabla 2-3 saat çəkən iclasların bitməsini heç vaxt istəməzdik. Çünki onu dinləmək bizləri heç vaxt yormazdı, bizlərlə bölüşdüyü təcrübəni, yaşadığı hadisələri ondan dinləmək hər birimiz için çox maraqlı idi. Onun dəyərləri, fəlsəfəsi, bizlərə yorulmadan, səbirlə öyrətdiyi hər şey hər zaman bizlərlə olacaq. Biz yaxınları Abdolbari Gözəl bəydən razıyıq, inşallah, Allah da ondan razı qalsın. “Azərsun Holdinq”, “Qarabağ” klubu və öz ailəsi kimi gördüyü yüzminlərlə işçisi üçün çox böyük itkidi. Ancaq o hər birimizi öz dəyərlərinin və fəlsəfəsinin ətrafında birləşdirib yetişdirməyi bacardı. Bizlər indi bu dəyərlər əsasında imkanarımızın əl verdiyi qədər xidmət etməyə davam edəcəyik. Ruhu şad, məkanı cənnət olsun”.

RÖYANƏ OĞUZ
Seçilən
7
football-plus.az

1Mənbələr