Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında 109 ölkədən 4701 Baş direktorun (CEO- Chief Executive Officer) iştirakı ilə keçirilən PwC-nin "28-ci Qlobal CEO Sorğusu"na əsasən, dünya üzrə CEO-ların 60 faizi növbəti 12 ayda qlobal iqtisadi artımın sürətlənəcəyini gözləyir.
Marja xəbər verir ki, sorğuya görə, CEO-ların 42 faizi işçilərin sayını 5 faiz və ya daha çox artırmağı planlaşdırarkən, yalnız 17 faizi azalma gözlədiklərini bildirib. Bu nisbət texnologiya (61 faiz), daşınmaz əmlak (61 faiz), özəl kapital (52 faiz) və əczaçılıq və həyat elmləri (51 faiz) sektorlarında daha yüksəkdir.
Makroiqtisadi risklər və regional fərqlər
Araşdırmada iştirak edən CEO-lar qlobal iqtisadiyyata nikbin baxsalar da, makroiqtisadi dalğalanmalar (29 faiz) və inflyasiya (27 faiz) bütün dünyada ən böyük risklər sırasındadır. Regional səviyyədə fərqlər diqqəti cəlb edir: Yaxın Şərqdə ən böyük risk geosiyasi münaqişələrdir (41 faiz), Qərbi Avropada isə kibertəhlükəsizlik (27 faiz) ön plandadır. Afrikada inflyasiya (39 faiz) ən böyük narahatlıq doğursa da, Şimali Amerika və Asiya-Sakit okean regionlarında risklər qlobal orta göstəricilərə uyğundur.
Araşdırmaya görə, CEO-ların 42 faizi şirkətlərinin mövcud iş modelləri ilə yaxın 10 ildə davamlı ola bilməyəcəklərini düşünür. Bu vəziyyətin ən böyük səbəbi tənzimləyici mühitin dəyişməsidir. Bununla belə, şirkətlərin 63 faizi son beş ildə dəyər yaratma proseslərində ən azı bir əhəmiyyətli dəyişiklik həyata keçirib.