Bakı, 21 yanvar, AZƏRTAC
Əmək pensiyalarının minimum məbləği qanunla müəyyənləşir. Prezident İlham Əliyev 2024-cü il 23 dekabr tarixli Sərəncama əsasən, əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 280 manatdan 320 manata artırılmasını tövsiyə edib. Bu məqsədlə müvafiq qanun dəyişiklikləri hazırlanıb. Dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 280 manatdan 320 manata qədər yüksəldiləcək.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, bu artım əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədini daşıyır və dövlətin vətəndaşlarının sosial rifahını artırmaq istiqamətində atılmış mühüm bir addımdır: “Dövlətin bu təşəbbüsü vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına və sosial təminatlarının gücləndirilməsinə xidmət edir. Beləliklə, əmək pensiyalarının minimum məbləğinin artırılması, həmçinin ölkədəki sosial müdafiə sisteminin möhkəmlənməsinə və vətəndaşların maddi durumlarının yaxşılaşdırılmasına yönəlmiş mühüm bir addım olaraq qiymətləndirilir”.