Kurban Berdiyev. Yaş 73.
Onilliklərin məşqçisi.
Çox yerdə işləyib indiyədək.
«Rubin»lə Rusiya çempionu olub. Çempinlar Liqası görüb, «Barselona» üzərində tarixi qələbənin memarı olub.
Yaşadıqları, yaşatdıqları, gördükləri ilə tam bir canlı əfsanədir.
Karyerası zəngindir, bir sözlə. Azərbaycana gəlib-getmiş ən titullu əcnəbi məşqçilər arasında yer alır.
Bu gün «Turan»dadır. Sabah olmaya bilər.
Son vaxtlar işləri tərsinə dönüb burada. Statistikanı nə qədər ələk-vələk elədim, Berdiyevin əvvəl çalışdığı komandaların heç birində 5 qolluq məğlubiyyətə uğraması faktı qarşıma çıxmadı. Deyəsən, bu, onun şəxsi antirekordudur. Qarşıda bir-iki belə böyükhesablı yenilgi ilə üzləşsə, yəqin ki, səbri çatmayacaq və gedəcək.
Necə güclü məşqçi olursan ol, işlədiyin futbolçuların keyfiyyəti aşağıdırsa, başladığın işi uğurla bitirə btlməyəcəksən. Berdiyev isə «Turan»da 2-3 nəfərdən asılı imiş. Denis Marandiçi, Faiq Hacıyev və Roderik Miller zədələnəndən bəri komanda dərin çöküşdədir. Yeni transferlərin onların yoxluğunu hiss etdirib-etdirməyəcəyini isə indi dəqiq söyləmək mümkün deyil. Önümüzdəki turlarda onların nə qədər uğurlu olub-olmayacağını görəcəyik. Berdiyev də o günü görəcəkmi? Bu boyda təzyiqə tab gətirəcəkmi?
Açığı, bir elə optimist deyiləm.
Transfer bazarlığı üstündə baş məşqçiylə rəhbərliyin baxışlarının üst-üstə düşmədiyi məlumdur. Berdiyev 2-3 bahalı legioner istəyib, almayıblar. «Büdcəmiz buna imkan vermir» söyləyərək.
Bu söylədikləri hələlik Berdiyevi gözlənti içinə dartır. Görsün, «Kəpəz»ə 2:5 hesablı biabırçı məğlubiyyət idarəçiləri yerindən tərpədəcək, əlavə transfer büdcəsi ayırmalarına təkan verəcək, ya yox.
Dilə gələcək bax onda. Dilindən çox şey eşidəcəyik həmin vaxt. Nələr danışacaq, nələr!
Heç istəməzdim. Ondan ötrü ki, Berdiyev Azərbaycandaişləməyə razılıq verməklə, Premyer Liqaya rəqabət gətirib, «Turan»ı medallar uğrunda mübarizəyə qoşub, Rusiya və yaxın ölkələrdə çempionatımıza maraq yaradıb. Ötən 7-8 ayda çoz iş görüb, açığı.
MUSA