Məhəmməd Əsədullazadə: “Bu onu göstərir ki, Tramp ABŞ-ın dövlət maraqlarına zərbə vuran diplomatlarla işləməyəcək”
ABŞ-də Dövlət Departamentinin onlarla əməkdaşı seçilmiş prezident Donald Trampın tələbi ilə istefa ərizələrini təqdim edir. Məlumata görə, müvafiq göstəriş Trampın köməkçilərindən gəlib və istefa verənlər arasında yüksək vəzifəli diplomatlar da yer alır.
Dövlət katibinin enerji resursları üzrə müşaviri Ceffri Payett və dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini icra edən Con Bassın da adları hallanır.
Burada diqqət çəkən məqam odur ki, Baydenin prezidentliyi dönəmində ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirən məhz Dövlət Departamenti və orada çalışan, qərəzli mövqedən çıxış edən diplomatlar idi. Məsələn, dövlət katibi Entoni Blinken Azərbaycana qarşı ermənipərəst mövqedən çıxış edib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatlarından sonra demişdi ki, Vaşinqtonun Bakı ilə münasibətləri heç vaxt əvvəlki kimi olmayacaq. Blinkenin digər köməkçisi Yuri Kim antitterror əməliyyatlarında demişdi ki, “ABŞ “Dağlıq Qarabağ”ın erməni əhalisinə qarşı “etnik təmizləməyə” dözməyəcək. Belə adamların Dövlət Departamentində qalması Azərbaycanla bağlı səhv siyasətin davam etdirilməsi demək olardı. Bu baxımdan Departamentin onlardan təmizlənməsi bundan sonra iki ölkə münasibətlərinin normallaşmasında nə kimi rol oynayacaq?
“Dövlət Departamenti və yeni dövlət katibi Azərbaycanla münasibətləri normal müstəviyə gətirib çıxaracaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Bayden administrasiyası ilə Azərbaycan arasında Vaşinqtondan qaynaqlanan müəyyən bir siyasi problem var idi: “Məhz Dövlət Departamentindəki diplomatlar daim anti-Azərbaycan siyasəti həyata keçirirdilər. Biz bunu İkinci Qarabağ müharibəsindən sonra hakimiyyətə gələn Bayden administrasiyasının siyasətində və Qarabağdakı antiterror əməliyyatları zamanı gördük. Antiterror əməliyyatlarından sonra qərəzli münasibət daha qabarıq şəkildə özünü göstərməyə başladı. Halbuki, Cənubi Qafqazda gedən geosiyasi proseslər ABŞ-ın maraqlarına cavab verirdi, amma ermənipərəst mövqe sərgilənirdi. Dövlət Departamentində başda Blinken olmaqla təmsil olunan bir çox diplomatlar tamamilə Azərbaycana qarşı qərəzli və destruktiv mövqedən çıxış edirdilər. Görünən odur ki, artıq onların sonu çatıb. Tramp onları istefaya göndərir. Bu onu göstərir ki, Tramp ABŞ-ın dövlət maraqlarına zərbə vuran diplomatlarla işləməyəcək. Hesab edirəm ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərdə normallaşma olacaq. Dövlət Departamenti və yeni dövlət katibi Azərbaycanla münasibətləri normal müstəviyə gətirib çıxaracaq. Məhz rəsmi Bakı da bunu gözləyir. Rəsmi Bakı Azərbaycanla Vaşinqton arasında münasibətlərin normal müstəvidə davam etdirilməsində maraqlıdır. İndiki administrasiya bir çox ölkələrin daxili işinə qarışmamağı rəhbər tutacaq. O üzdən, ABŞ-ın Azərbaycanla münasibətlərində yeni bir mərhələ başlaya bilər. Artıq hansısa vasitələrdən Azərbaycana qarşı təzyiq rıçaqı kimi istifadə etmək geridə qaldı. Tramp və onun komandası praqmatik mövqedən çıxış edəcək. Respublikaçıların ümumi siyasi vizionu Azərbaycanla münasibətlərə daim isti yanaşır. Fikrimcə, bu dəfə də belə olacaq”.
Vidadi ORDAHALLI