AZ

“Futbolçu olsam, inşallah, müsahibə verərəm” - Xaliq Mərdanovun oğlundan qəribə açıqlama

“Şamaxı”da yarpaq tökümü davam edir. Vərdiş halına dönən ayrılıqlardan biri Zahid Mərdanovla bağlıdı. 24 yaşlı yarımmüdafiəçi elita təmsilçisinin sıralarını tərk edər-etməz 2-ci liqa klubu ilə anlaşıb.

İddialara görə, Mərdanov “Şəfa” ilə 6 aylıq müqavilə imzalayıb. Baş məşqçi Elgiz Kərimli özü Zahidin xidmətində maraqlı olub. Komanda qarşıya qoyulan hədəfə çatarsa, onunla müqavilə müddəti artırılacaq. Son məlumatlara görə, bakılılar 24 yaşlı yarımmüdafiəçiyə mövsümün sonunadək 3000 manat əməkhaqqı ödəyəcək. Gələn mövsüm isə onun maaşı 1000 manat artırılacaq. Bu da “Şamaxı”nın ödədiyindən üç qat artıq məvacibdi.

“Kəpəz”in əvəzedici komandasının baş məşqçisi Xaliq Mərdanovun oğlu “Şamaxı”da 2023-cü ildən forma geyir. O, daha əvvəl Gəncə klubu ilə yanaşı, "Sabah" və "Zirə"də çıxış edib. Elita klubunu birbaşa 2-ci liqaya dəyişən futbolçunun niyə belə seçim etdiyini özündən soruşduq. Onun "Football-plus.az"a açıqlaması isə qəribə oldu:

“Üzürlü sayın, mən hələ o səviyyədə deyiləm ki, müsahibə verim. Futbolçu olsam, inşallah, müsahibə verərəm. Bu mövsüm “Şamaxı”da ehtiyatda olmuşam, yəni uzun müddət oynamamışam”.

RÖYANƏ OĞUZ
Seçilən
16
football-plus.az

1Mənbələr