Türkiyə çempionatının 20-ci turuna ''Trabzonspor'' - ''Sivasspor'' oyunu ilə yekun vuruldu.
Maraqlı və məhsuldar keçən oyunda Şenol Günəşin komandası yüksəlişini davam etdirdi. Meydan sahibləri artıq 31 dəqiqəyə Bataqov, Banza və Ozan Tufanın qolları ilə 3 topluq üstünlük yaxaladılar. Oyunun sonlarına yaxın isə Lundstram 4-cü qolu vuraraq yekun nəticəni müəyyənləşdirdi. Ötən həftə evdə ''Antalyaspor''u yenən Trabzon təmsilçisi ardıcıl ikinci qələbə sayəsində 9-cu pilləyə yüksəldi.
Maraqlıdı ki, qaradənizlilər bu mövsüm ilk dəfə ardıcıl iki qələbə qazanmağa müvəffəq oldular. Edin Visça üçün isə oyun yubileylərlə əlamətdar oldu. Bosniyalı ulduz ''Trabzonspor''un heyətində 100-cü rəsmi oyununu keçirdi. 3-cü qolda yaxından iştirak edən Visça həm də Türkiyə çempionatında 100-cü məhsuldar ötürməsini verdi. Daha öncə uzun illər ''İstanbul BŞ''nin şərəfini qorumuş Visça superliqada 2010/11-dən bu yana 100 məhsuldar ötürmə həddinə çatan ilk futbolçu oldu. Digər maraqlı məqam isə odu ki, onun aktivində hazırda superliqada həm də 100 qol var. Matçın ən qalmaqallı epizodu ikinci hissənin əvvəllərinə təsadüf etdi. ''Trabzonspor''un qazandığı penalti zamanı topun başına qapıçı Uğurcan Çakır keçmək istədi.
Oyundan bir gün öncə qızı dünyaya göz açan təcrübəli qapıçı ikinci dəfə ata olmuşdu. Bu üzdən o, qol vuraraq bunu yeni doğulan körpəsinə həsr etmək istəyirdi. Amma Uğurcanın topu ''nöqtəyə'' qoymasından sonra qonaqlar buna etiraz etməyə başladılar. Onlar bunu hörmətsizlik kimi qiymətləndirdilər. Ona görə də Uğurcan Şenol Günəşin də göstərişi ilə zərbəni vurmaq hüququnu Banzaya verdi. Bu forvard dublunu rəsmiləşdirəcəyi təqdirdə bombardirlər yarışında liderliyi ələ keçirəcəkdi. Amma onun zərbəsini qapıçı dəf etməyi bacardı.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta