AZ

Makron idmançılara normal medal da düzəldə bilmir- Azərbaycan idmançıları da qərarlıdır...

Image

Həsrət Cəfərov: "Bu boyda əziyyət çək, get medal qazan, axırda da gəlib medalın belə çıxsın"

Emmanuel Makronun rəhbərlik etdiyi dövlətin yalnız yürütdüyü siyasət saxta deyil, eyni zamanda bu saxtakarlıq başqa sahələrə də sirayət edib. Makron hökumətinin siyasəti özünü tam çılpaqlığı ilə "Paris-2024"də ortaya qoydu. 

Bu ölkənin qalib idmançılara verdiyi medalların belə standartlara uyğun olmadığı, keyfiyyətsiz olduğu ortaya çıxdı. Bu, keyfiyyətsiz medallar sanki çökməkdə, keyfiyyətini, simasını itirməkdə olan Makron hökumətinin özünü bu şəkildə ifadəsi idi. 

Məlum olduğu kimi, "Paris-2024" Yay Olimpiya Oyunlarında medal qazanan bir sıra idmançılar medalların keyfiyyətsiz olduğunu, onların rənginin getdiyini və üzünün soyulduğunu bildirirlər. 

Xatırladaq ki, 2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançılar 100-dən çox medalı istehsalın keyfiyyətsizliyi ilə bağlı şikayətlərlə təşkilat komitəsinə qaytarıblar.

İlk şikayətlərdən sonra təşkilat komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib. Lakin mükafatların kütləvi şəkildə qaytarılması fonunda medalların hazırlandığı Paris Zərbxanasının direktoru Mark Şvarts istehsalat şöbəsinin üç rəhbərini işdən çıxarmaq qərarına gəlib.

Azərbaycan idmançıları arasında da bu problemlə üzləşənlər var. Fransa hökumətinin təqdim etdiyi medalların zədəli, keyfiyyətsiz olması idmançılarımızı da narahat edir. 

" Əlbəttə, yəqin o dövlətdəkilər bu məsələyə diqqətsiz, məsuliyyətsiz yanaşıblar"

Taekvondoçumuz Qaşım Maqomedovun Paris olimpiadasında qazandığı gümüş medalın keyfiyyətsiz olduğu məlum olub. Eyni zamanda Azərbaycandan yunan-Roma güləşi üzrə “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Həsrət Cəfərova da    təqdim edilən medal keyfiyyətsizdir.

Azərbaycanın yunan-Roma güləşi üzrə “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medalçısı Həsrət Cəfərovdan bu məsələ ilə bağlı kiçik müsahibə götürdük.

- Mənim medalımın rəngi gedib, paslanıb, qabığı soyulub. Öz-özünə belə olub.

- Siz bunu nə vaxt bildiniz?

-Üç gün sonra Bakıya gəldim və gələndən sonra gördüm ki, medalın vəziyyəti belədir. Çox təəssüf ki, bizə Parisdə təqdim edilən medallar keyfiyyətsizdir. 

-Yüzdən artıq idmançı medalı qaytarır, bu proses başlayıb. Buna münasibətiniz necədir?

- Əgər medalımı qaytarsalar, mən də qaytararam. Yaxud dəyişdirərəm.

- Azərbaycan Milli Olimpiya Komitəsində medalla bağlı hər hansı bir görüş olubmu?

- Yox, hələ bu barədə heç nə olmayıb. Azərbaycan Güləş Federasiyası məlumatlıdır, onlar da deyirlər ki, bu işlə maraqlanırıq.

- Ümumiyyətlə, verilən medalların keyfiyyətsiz olduğu barədə problem ilk haldır? 

- Bildiyim qədər bəli, bu illər ərzində ilk haldır. Medalımı bu vəziyyətdə görəndə mən soruşdum, maraqlandım. Yəni  2016-cı, 2020-ci illərdə verilən medallarda belə bir problem olmayıb, hər şey qaydasında olub. Bu isə ilk haldır.

- Bildiyimiz qədər, bu problem təkcə gümüş və bürünc medallarda var, yoxsa... 

- Xeyr, qızılda da var. Bizdə hələ ki, mənimlə Qaşımın medalında problem üzə çıxıb. 

- Medal evdədir? 

- Bəli, evdədir. 

- Bu medalı qazanana qədər çox böyük bir mübarizə yolu keçdiniz, zəhmət çəkdiniz. Fransa hökuməti bu keyfiyyətsiz medallarla sanki bu böyük uğura kölgə saldı. Siz nə düşünürsünüz? 

- Bu boyda əziyyət çək, get medal qazan, axırda da gəlib medalın belə çıxsın. Xoşagəlməz haldır. Əlbəttə, yəqin o dövlətdəkilər bu məsələyə diqqətsiz, məsuliyyətsiz yanaşıblar.

- Azərbaycanda da yarışlar keçirilir, görürsüz ki, hər şey necə yüksək səviyyədə təşkil olunur.

- Bizdə hər şey yüksək səviyyədə olur. Amma çox təəssüf ki, Fransada bunu görmədik. "Paris-2024"ün təşkilatçılığı da çox zəif idi.

- Səhv etmiriksə, idmançıların qalma şəraiti, qidalanması və sair pis idi.

- Bəli. Bütün ölkələrin idmançıları olimpiya kəndində qalırdılar. Təkcə  İran idmançıları özlərinə ayrı otel tutub orda qalırdılar, amma qalan ölkələrin idmançıları olimpiya kəndində qalırdılar.

- Bizim olimpiya kəndi ilə Paris olimpiya kəndini müqayisə edə bilərik?

- Yox, qətiyyən. Heç müqayisə olunası deyil. Bizimki əlbəttə ki, çox yaxşıdır.

- Olimpiya komitəsi bildirdi ki, hazırda araşdırma aparılır. Araşdırma başa çatandan sonra qərar veriləcək.

- Bəli, mənim də məlumatım elədir ki, araşdırma aparılır. Mən medalımın dəyişdirilməsini istəyirəm. Dəyişdirmək mümkün olsa yaxşı olardı, yoxsa  eyni keyfiyyətsiz medalı qaytaracaqlarsa yox, keyfiyyətlisini  qaytaracaqlarsa dəyişmələrini gözləyirəm.

İradə Sarıyeva





Seçilən
21
baki-xeber.com

1Mənbələr