Türkiyənin Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğın nəticəsində ölənlərin sayı 66-ya çatıb. Daha 51 nəfər yaralanıb
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib. TRT telekanalının məlumatına görə, hadisə baş verən zaman oteldə 234 qonaq qalıb. Cənab Yerlikaya faciə ilə bağlı məhkəmə istintaqının başladığını elan edibi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan araşdırma aparmaq üçün ekspertlər heyəti və 6 prokurorun təyin edildiyini bildirib və günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib. Ədliyyə naziri Yılmaz Tunc bildirib ki, bu işlə bağlı otel sahibi də daxil olmaqla 4 nəfər saxlanılıb.
Səhiyyə naziri Kamal Memişoğlunun sözlərinə görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Digərlərinin vəziyyəti qənaətbəxş qiymətləndirilir, yaralılardan 17-si artıq xəstəxanadan buraxılıb. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da öz növbəsində qeyd edib ki, oteldə yanğın təhlükəsizliyi sertifikatı var və 2021-2024-cü illərdə yoxlamalar aparılıb. Oteldə iki yanğın nərdivanı da var. Yanğının səbəbi barədə məlumat verilmir.
“Grand Kartal”ın restoran hissəsində baş verən yanğınla bağlı bu gün, yanvarın 21-də səhər saatlarında məlumat daxil olub. İlkin olaraq 10 nəfərin öldüyü, 32 nəfərin yaralandığı xəbər verilib. Təxliyə edilən qonaqlar bölgədəki digər otellərdə yerləşdirilib.
//Samir Qurbanov, Editor.az