İmişlidə yol polisi avtomobilinin uşaqları əzib öldürməsindən hiddətlənib etiraz edənlərin yaxınları deyir ki, polis onları sərbəst buraxmalıdır.
Yanvarın 18-da yol polisi avtomobilinin iki uşağın ölümü ilə nəticələnmiş qəzasından sonra keçirilmiş etirazlara görə 9 nəfər saxlanıb.
"Bizim balalarımızı çıxarsınlar, dolanışıq yoxdur, hamı ailəsini-uşağını güclə dolandırır. Belə zülm olmaz hökumət bizə edir. Nətər edək biz?! Kimə deyək?! Gedib orda deyirik, bizə deyirlər ki, qoy tutulsunlar dəmiri əziblər. Dövlət fikirləşmir ki, dəmir əzilibsə, uşaq ölüb axı, parçalanıb tökülüb. Dörd uşağın həyatı məhv olub, dəmiri nə edirsən, uşağı fikirləş ey!"- qəzadan sonra oğlu saxlanılan Əntiqə İbrahimova BBC-yə bildirir.
İmişli sakinləri olan qadınlar deyir ki, hadisə sakinləri qəzəbləndirib. Həmin gün məktəbə bir gedən uşaqların valideyinləri qəzanı eşidib öz uşaqları sanıblar. Bundan başqa, ölən uşağın onların qohumları olduğunu deyirlər.
"Oğlumu aparıb salıblar ora. Oğluma telefon gəlib ki, uşaqları xışlayıblar, elə bilib öz balasıdır. Ya yad olsun, ya özünün qaçıb. Gedib görüblər ki, uşağın meyiti qalıb yerdə. Bizim nə günahımız var?! Sən edibsən, gəlib mənim balamı da aparıb soxubsan ora. Həm can-ciyərimi, balamı öldürübsən, həm də gəlib uşağımı aparıb salmısan dama. Günahı nədir?! Heç vurmayıb ey! Bir-ikisi hirslənib maşına yumruq vurub. Nədi dünya dağılıb?!"- oğlu saxlanılan Kəklik Rzayeva bildirir.
Qəzadan bir gün sonra Daxili İşlər Nazirliyi bildirib ki, İmişlidə "ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib".
Videoya YouTube kanalımızda baxın.