AZ

Torpaq şəhid qanı ilə Vətən olur

Şəhid oğlunun cənazəsi başında donub qalmış ata ürəyində düşünürdü: “Təki sən yaşa, Vətən! Bu yolda  oğlum canından keçdi, şəhid oldu”. 20 yaşlı oğlunun yerinə üçrəngli bayrağı bağrına basıb təsəlli tapırdı. 

Müharibənin acı qanunları belədir, atalar oğulların deyil, oğullar ataların çiynində gedir son mənzilə. Bəxtiyar kişi oğlunu Gülövşə kəndinin qəbristanlığına qədər çiynində apardı. Əsgəri uğrunda şəhid olduğu vətən torpağına tapşırdı.  Həmin gün təkcə İsmayılzadələr ailəsi deyil, ətraf kəndlərdə yaşayanlar da  Vətən oğlunu kədər və ehtiramla son mənzilə yola saldı. 

Böyük arzularla, ümidlərlə böyütmüşdülər onu, evin tək oğlu, bircə bacısının güvənci idi Əsgər. İgid şəhidi torpağa əmanət edib geri dönəndən sonra kədərə boyun əymədilər. Başlarını dik tutdular. Ürəyinə köz basılmış ana da “Vətən sağ olsun” dedi.   

Əsgər İsmayılzadə  22 yanvar 2000-ci ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşdu. Mehriban,  halal zəhmətlə yaşayan bir ailədə böyümüşdü. Gülövşə kənd məktəbinin  müəlliminin sözləri qulalağımda səslənir: “Ona 5 il riyaziyyat fənnindən dərs demişəm. İstəyirdim riyaziyyatın sirlərinə dərindən bələd olsun. O isə bizə Vətən sevgisi dərsi verdi”.        

Əsgər 2005-ci ildə  1-ci sinfə gedib. Sakit təbiəti, çalışqanlığı və tərbiyəsi ilə seçilən şagird olub. İdman oyunlarına da maraq göstərib. 2014-cu ildə 9-cu sinfi bitirərək Mingəçevir Turizm Kollecinə daxil olub. 2019-cu ildə ixtisas təhsilini başa vuraraq hərbi xidmətə gedib. Cəlilabad rayonunda öz arzusu ilə Xüsusi Təyinatlı Qüvvələrdə qulluq edib. 

Xidmətini bitirməyə 3 ay qalmış – 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində ön cəbhəyə yollanıb. Murov yüksəkliklərinin alınmasında və Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Cəbrayıl rayonunun Xındıqlar yaşayış məntəqəsinin ətrafında “Qüllə” adlanan ərazidə düşməni mövqelərini tərk etməyə məcbur edib, 5 erməni hərbçisini məhv edib. Düşmənin Qışlaq yaşayış məntəqəsində yerləşən Qızıl Qaya yüksəkliyindən qovulmasında fədakarlıqla döyüşüb. 

20 yaşlı gənc 3 oktyabr 2020-ci ildə Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun ölmək deyil, yaşamaq, arzularını həyata keçirmək, ata-anasına oğul, bacısı Leylaya qardaş olmaq vaxtı idi. Amma Əsgər Vətənə oğul olmağı seçdi. Vətənin yaşaması üçün özünün yaşamaq hüququndan keçdi. Gözünün yaşı qurumayan, ürəyi dağ-dağ  olub yanan Şəkər ana deyir:

– Əsgərin yoxluğu məni çox ağrıdır, amma bir təsəllim var ki, oğlum Vətənə qurban gedib. Əsgərin şəhidlik zirvəsi məni Allaha daha yaxın etdi. Kəndimizin gediş-gəlişli yerində Əsgərin adına bulaq tikdirdik. Ağır günlərimizdə bizi heç vaxt tək qoymayan kənd  camaatı da əlindən gələni etdi. Sağ olsun dövlətimizi, qayğımıza qalır. Əsgərin döyüş yoldaşları da gəlib-gedirlər. Kənd məktəbində Gülövşə şəhidlərinin şərəfinə abidə ucaldılıb. Mənim ciyərparam da onların arasındadır.

Bu ailəyə dəfələrlə getmişik, ata-ananın ağrı-acılarını paylaşmışıq, onlara təsəlli vermişik. Qəlbləri o qədər zəngindir ki, övladlarına da bundan çox pay düşüb. Yaşasaydı, bu gün Əsgərin 25 yaşı olacaqdı, amma onun yerinə Vətən zəfər təntənəsi yaşayır. Elə ailəsi də bundan təsəlli tapır. Yaxşı bilirlər ki, torpaq şəhid qanı ilə Vətən olur. 

İsmayılzadə Əsgər Bəxtiyar oğlu ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. 

Əminə YUSİFQIZI,
Əməkdar jurnalist 

Seçilən
28
50
xalqqazeti.az

10Mənbələr