AZ

Onun silahı kamerası idi

Fəxrəddin Şahbazov – 75

Bu  gün cəmi 41 il yaşamış və bunun 20 ilini fasiləsiz olaraq Azərbaycan Teleradio Şirkətində operator peşəsində çalışmış Milli Qəhrəman Fəxrəddin Şahbazovun 75 yaşı tamam olur. Son dərəcə vətənpərvər olduğuna görə onu da torpaq iddiasında olan nankor ermənilərin Azərbaycana qarşı açıq silahlı basqınları daim narahat edirdi və fürsət düşən kimi cəbhəyə gedərək qaynar döyüş meydanlarından reportajlar hazırlayar, efirə verərdi.    

Fəxrəddin cəbhə bölgəsində dəfələrlə təhlükə ilə üzləşsə də, ora getməkdə davam edirdi və bu səfərlərin biri onun üçün axırıncı oldu. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağlasığmaz vəhşiliklər törədən ermənilər dinc sakinləri qətlə yetirmiş, kəndləri yandırmışdılar. Həmin vaxt – noyabrın 20-də dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavəndə  yola düşdü. AzTV-nin müxbiri Alı Mustafayev və operator Fəxrəddin Şahbazov da onlarla idi. Qarakənd yaxınlığında işğalçı və separatçı haylar vertolyotu iri çaplı pulemyotlardan atəşə tutdular. Vertolyot yerə düşərək parçalandı və bütün heyət həlak oldu. Şəhidlərin arasında Alı ilə Fəxrəddin də vardı.

...Televiziyada birgə çalışdığımız vaxtlar idi. Elə o faciə ərəfəsində Fəxrəddinlə respublika stadionunun qarşısında keçirilən kartinq (miniatür avtomobil) yarışından reportaj hazırlamağa getmişdik. Kiçik trassda maraqlı idman mübarizəsi gedir, mühərrik səsləri qulaq batırırdı. Fəxrəddin isə bir qədər narahat təsir bağışlayır, sanki harasa tələsirdi. Həyəcan dolu anları kamerasının yaddaşına köçürəndən sonra tez geriyə qayıtmağımızı xahiş etdi. Sən demə, Qarabağa növbəti səfəri varmış. 

Ertəsi gün süjetimiz efirə getdi, sonra isə Fəxrəddingilin Qarakənd səmasında vurulması xəbəri hamını yandırıb-yaxdı. Onda düşündüm ki, yəqin, yarışını çəkdiyimiz kartinqlərin mühərrikləri də elə ətrafa yayılan səsləri ilə Fəxrəddinə “Getmə, getmə!” deyə haray salırmış. O isə tələsik getdi və bir daha geri qayıtmadı...    

Getməyə də bilərdi. Çünki bir neçə gün əvvəl Qarabağda ezamiyyətdə olmuşdu. Ağdam rayon ictimaiyyəti ilə respublikanın rəhbər işçilərinin görüşündən reportajın çəkilişlərini etmişdi. Qaydaya görə isə bu dəfə başqası getməli idi. Amma fədakar Fəxrəddin özü təkid etmişdi. 

O, Çingiz Mustafayev kimi, Sirac Abışov da onun kimi kamerasını silah edib vuruşub. Ölümü ilə ölməzlik qazanmaq budur.  

Əslən Lerik rayonunun Kəlvəz kəndindən olan Fəxrəddin Bakı Neft Texnikumunda oxumuş, təhsilini yarımçıq qoyaraq ordu sıralarına həqiqi hərbi xidmətə yollanmışdı. 1971-ci ildə əsgərlikdən qayıtdıqdan sonra texnikumu bitirsə də, neft sahəsində deyil, televiziyada işə düzəlmişdi. Sevimli işində xeyli ustalaşmışdı, buna görə də ən məsuliyyətli çəkilişlərə göndərilir, öhdəsindən bacarıqla gəlirdi. Elə operativlik tələb olunan “Günün ekranı” xəbərlər proqramına keçirilməsində də bu keyfiyyəti əsas götürülmüşdü. Başının üstünü qara buludlar alan Qarabağdan döyüş salnamələri yazan Fəxrəddin özü sonda salnamənin qəhrəmanı oldu. Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Vaqif Cəfərov, Vəli Məmmədov, Zülfi Hacıyev, Osman Mirzəyev, Qurban Namazəliyev, Saylau Serikov, Alı Mustafayev, Arif Hüseynzadə – ümumilikdə 21 nəfərlə birlikdə adını tarixə yazmış Fəxrəddin Şahbazova 1992-ci il 4 dekabr tarixli Prezident fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.

Bakının ən uca yerində – Şəhidlər xiyabanında dəfn edilib Fəxrəddin. Lerikin Kəlvəz kənd tam orta məktəbi onun adını daşıyır, Xırdalanda, İmişlidə və paytaxtın Rəsulzadə qəsəbəsində adına küçə var. Ondan söz düşəndə orta boylu, lopa bığlı, çevik, ciddi, işgüzar obrazı gözlərimiz önündə canlanır... 

Əli NƏCƏFXANLI 
XQ  

Seçilən
7
xalqqazeti.az

1Mənbələr