AZ

Karbamid zavodu ölkəmizin tələbatını tam ödəyir

Xaricə də xeyli məhsul satılır

2025-ci ildə SOCAR Karbamid zavodunda 592 min ton məhsul istehsal ediləcəyi proqnozlaşdırılır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. 

Bildirilib ki, bu il zavodda bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, il ərzində beynəlxaq standartlara uyğun olaraq aktivlərin performans idarəetməsinin qurulması ilə bağlı işlərin davam etdirilməsi ilə yanaşı, qabaqcıl proses idarəetməsi və avtomatik idarəetmə sistemləri yenilənəcək, eləcə də proseslərin rəqəmsal analizi üçün “Digital twin (əkiz)” yaradılacaq, robotik proseslər avtomatlaşdırılacaq, “Emissiyaların idarə edilməsi layihəsi” üzrə yeni monitorinq sistemi quraşdırılacaq. Bununla yanaşı, il ərzində müəssisədə mühəndislik sənədləri və layihələrin idarə edilməsi, eləcə də digər layihələrin icrası sahəsində də mühüm işlər görüləcək. 

Dövlət Neft Şirkətinin məlumatına görə, ötən il zavodda 652 min 339 ton karbamid məhsulu istehsal edilib. Hazırda Karbamid zavodunun anbarlarında açıq şəkildə, təqribən, 50 min 760 ton və qablaşdırılmış şəkildə 23 min 746 ton olmaqla, ümumilikdə, 74 min 506 tondan çox məhsul saxlanılır. Fəaliyyətə başlayandan bəri isə zavodda 2 milyon 288 min 990 ton karbamid məhsulu istehsal edilib. 

Xatırladaq ki, ölkəmizin karbamidə olan tələbatını tam ödəyən zavodun təməli 2011-ci ildə qoyulub. Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən zavodun layihələndirilməsi və tikintisi ammonyak istehsalı üzrə Danimarkanın “Haldor Topsoe” və karbamid istehsalı üzrə Niderlandın “Stamicarbon B.V” şirkətlərinin texnologiyası əsasında Cənubi Koreyanın “Samsung Engineering” şirkəti tərəfindən həyata keçirilib. Finlandiyanın “Neste Engineering Solutions” şirkəti isə layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3 min 600 nəfərdən artıq işçi cəlb olunub və 18 milyon adam-saatdan çox iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.

2019-cu il yanvarın 16-da istifadəyə verilmiş SOCAR Karbamid zavodu ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihələrdən biridir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-idxal Bankından, habelə “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Bununla yanaşı, layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə Dövlət Neft Şirkəti tərəfindən, təxminən, 100 milyon avro məbləğində vəsait ayrılıb.

Hazırda zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. Karbamid zavodu istismara verilənədək ölkəmiz azot gübrələrini idxal edildiyi halda hazırda bu müəssisə həm daxili bazarın tələbatını tam ödəyə bilir, həm də istehsal etdiyi məhsulun 70 faizindən çox hissəsini ixrac edir. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən milyonlarla valyuta vəsaiti ölkədə qalır. Bununla yanaşı, zavod ölkənin qeyri-neft ixrac gəlirlərinin artırılmasına da mühüm töhfələr verir.

Seçilən
24
xalqqazeti.az

1Mənbələr