AZ

Taleh Kazımov Mərkəzi Bankın faizlərini aşağı sala biləcəyinə işarə etdi

"Növbəti faiz qərarlarımız faktiki və proqnozlaşdırılan inflyasiyadan, iqtisadiyyatda olan meyllərdən asılı olacaq. Bizim gözləntilərimiz doğrulduğu şəraitdə, yəni, inflyasiya hədəf diapozonunda və daha aşağı səviyyələrdə formalaşmasını müşahidə etdiyimiz zaman, biz öz pul siyasətimizi yumuşaltma istiqamətində nəzərdən keçirəcəyik".

Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

Pul siyasətinin yumuşaldılması faizlərin daha da azaldılacağına işarədir. 

İNFLYASİYA PROQNOZUNU 0,3 FAİZ BƏNDİ AZALDIB

Mərkəzi Bank mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir. Xatırladaq ki, bundan əvvəl Mərkəzi bank bu il üçün 5,8 % illik inflyasiya proqnozlaşdırırdı. İnflyasiya proqnozunun aşağı salınması kənd təsərrüfatı məhsulları indeksində artımın daha aşağı olacağının gözlənilməsilə bağlıdır. 

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il mart ayının 12-də ictimaiyyətə açıqlanacaq.

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

Seçilən
5
15
marja.az

10Mənbələr