Bakı, 22 yanvar, AZƏRTAC
Kolumbiyanın şimalında silahlı qruplar arasında baş verən qarşıdurmalar səbəbindən azı 32 min insan evini tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC xəbər verir ki, silahlı toqquşmalar nəticəsində azı 80 nəfər ölüb və onlardan 33-nün şəxsiyyəti müəyyənləşib.
Kolumbiyanın Ombudsman Aparatının məlumatına görə, məcburi köçkünlərin əksəriyyəti Kukuta, Okanya və Tibu şəhərlərinə gəliblər.
Yanvarın 17-də Kolumbiya Prezidenti Qustavo Petro “Milli Azadlıq Ordusu” (ELN) üsyançıları ilə sülh danışıqlarının dayandırıldığını elan edib. Dövlət başçısı onların Katatumbo regionunda “Kolumbiyanın inqilabçı qüvvələri” təşkilatının sabiq üzvləri tərəfindən yaradılan digər silahlı qruplara hücumunu hərbi cinayət adlandırıb.
Qeyd edək ki, Boqotanın 2016-cı ildə “Kolumbiyanın inqilabçı qüvvələri” təşkilatı ilə sülh sazişi bağlamasından sonra minlərlə üzvü olan “Milli Azadlıq Ordusu” ölkədə fəaliyyət göstərən yeganə iri üsyançı qruplaşmaya çevrilib. Yarım əsrdən çox davam edən vətəndaş müharibəsi 250 mindən çox insanın həyatına son qoyub. 2022-ci ilin noyabrında Kolumbiya hökuməti “Milli Azadlıq Ordusu” ilə də dialoqun başladığını elan edib.