AZ

BDU-da “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində təlimlər START GÖTÜRDÜ – FOTO

Bakı Dövlət Universitetində “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda təlimlər başlayıb.

Yenicag.az xəbər verir ki, təlimlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə medianın fotojurnalistika sahəsi üzrə mütəxəssisləri, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və tələbələr iştirak ediblər.

Təlimi açıq elan edən dekan müavini S. Xalidoğlu bildirib ki, aşağı kurs tələbələrinin maraq göstərərək təlimə yazılması sevindirici haldır.

“Bu təlimin tələbələr üçün əhəmiyyəti böyükdür. Oxuduqları ixtisasın fotojurnalistika sahəsini öyrənmək digərləri ilə müqayisədə bir pillə öndə olmaq deməkdir”, – deyə o bildirib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı V. Zifəroğlu isə sözügedən təlimlə bağlı ideya ortaya qoyulduqda, bu tip tədbirlərin, xüsusilə jurnalistika fakültəsində keçirilməli olduğunu diqqətə çatdırıb.

“Düzdür, əlavə alternativlər var idi, lakin fotojurnalistikaya həm tələbat, həm də marağın olması təlimin məhz jurnalistika fakültəsində həyata keçirilməsini daha məqsədəuyğun edir”, – deyə dekan qeyd edib.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü A. Ələsgər isə öz növbəsində əlavə edib ki, bu gün texnologiya əlimizdəki telefonlar ilə gəlir əldə etməyə imkan verir.

“İnsan işindən gəlir əldə etdikcə, həmin peşəni ikiqat sevir. Belə bir təlimin keçirilməsi isə tələbələrin gələcək fəaliyyətində uğurlu olmasında mühüm rol oynayır”, – jurnalist vurğulayıb.

Qeyd edək ki, çıxışlardan sonra “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin fotojurnalistika sahəsindən necə gəlir əldə etməklə bağlı hazırladığı film tələbələrə nümayiş etdirilib.

Daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, fotojurnalistika üzrə mütəxəssis Mirakif Babayev təlimə başlayıb və tələbələri bu sahənin ilkin anlayışları barədə məlumatlandırıb.

Xatırladaq ki, “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda keçirilən təlim 4 gün davam edəcək.

Nəsimi Ələsgərli

Samir Məcidov

Seçilən
23
20
yenicag.az

10Mənbələr