AZ

“Bu problemlə bağlı fundamental hüquqi bazamız mövcuddur”

“Bu gün iqlim dəyişmələri və onun yaratdığı fəsadlar dünyanın ən ağrılı problemidir desək, yanılmarıq. Bu fəsadların böyük qismi də antropogen təsirlərlə əlaqədardır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev TÜRKPA üzv parlamentlərinin səhiyyə komitələri sədrlərinin bu gün keçirilən iclasında bildirib.

A.Vəliyev qeyd edib ki, iqlim dəyişmələri, sürətli əhali artımı, təbiətə atılan sənaye tullantıları, plastik məmulatlar, qeyri-sağlam urbanizasiya və s. kimi amillər havanın, suyun və torpağın çirklənməsinə səbəb olur ki, bu da öz növbəsində  dünyanın təbii tarazlığının pozulmasına və sağlamlığa ciddi təsir edir:

“Bu baxımdan, iqlim dəyişmələrinin törətdiyi qlobal istiləşmə müasir dövrdə bəşəriyyəti narahat edən ən ciddi problemlərdən biridir. Hazırda istiləşmə dərəcəsini 2 dərəcənin altında, ən yaxşı halda isə 1,5 Selsi dərəcəsində saxlamaq üçün bütün səylərimizi səfərbər etmək tələb olunur. Təqribən 2 ay bundan əvvəl, konkret desək 2024-cü ilin noyabr ayında Bakıda yüksək səviyyədə keçirilən BMT-nin ən iri miqyaslı beynəlxalq tədbirlərindən sayılan COP-29-un əsas müzakirə predmeti də məhz bu məsələ idi.

İqlim dəyişmələri dünyada bir çox məsələlərə, o cümlədən də  əhalinin sağlamlığına və ərzaq çatışmazlığına bilavasitə təsir göstərir. Ədalət naminə deyək ki, sağlamlığa və ətraf mühitə zərər vuran bu amillərin idarə olunması, zərərin minimuma endirilməsi üçün ümumbəşəri səviyyədə tədbirlər görülür. Bu xüsusda da Azərbaycan Respublikası Prezidentinin bilavasitə rəhbərliyi ilə dövlət və hökumət, eləcə də parlament səviyyəsində əhəmiyyətlilik və faydalılıq əmsalı yüksək olan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edilir. Bugünkü tədbir də məhz bu qəbildəndir.  

Mən müzakirə mövzumuza daha çox hüquqi aspektdən və qanunvericilik prizmasından yanaşmaq istərdim. Çünki, iqlim dəyişmələri insan həyatının bütün sahələrinə təsir etdiyindən onun fəsadları hüquqdan da yan keçmir. Daha dəqiq desək, sözügedən proseslər insan hüquqlarının pozulmasına, bununla da məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmə təcrübəsinin formalaşmasına, məsuliyyət tədbirlərinin tətbiqinə səbəb ola bilir. Beləliklə də, iqlim dəyişmələri nəticə etibarilə təkcə ekoloji və ya sosial-iqtisadi arealla məhdudlaşmır, o həm də hüquqi məsələdir.

Baş verən iqlim dəyişmələri əsasən insan davranışlarının və onların neqativ fəaliyyətinin nəticəsidir. Bu baxımdan bizlər ətraf mühitdən istifadəyə uyğun olaraq situativ davranışlarımızı və sosial normalarımızı dəyişməliyik, əks halda  problemlə kompleks şəkildə mübarizə aparmaq mümkün olmayacaq. Bu səbəbdən də  hüquqi nornalar iqlim dəyişmələrinin fəsadlarını tənzimləyən və bu prosesdə preventiv xarakter daşıyan bir vasitədir. Məhz hüquq normaları iqlim dəyişmələri ilə mübarizədə təbiətin və ətraf mühitin qayğısına qalan, onu qoruyan əsas tənzimləyici və effektiv alətdir.

İqlim Dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyası, Kyoto Protokolu, Paris razılaşması və digər beynəlxalq hüquqi sənədlər dövlətlərin iqlim təsirlərinin qarşısının alınması üçün təsirli tədbirlər görmək, eləcə də insanların iqlim böhranına uyğunlaşması üçün lazımi imkanlara malik olmasını təmin etmək öhdəliklərini yaradır.

Beynəlxalq hüquq - dövlətlərin qlobal ekoloji problemlərinin, xüsusən də iqlim dəyişmələrinin həlli üçün kollektiv öhdəliklər müəyyən edir, bu sahədə milli fəaliyyət planlarını qəbul etməyi və həyata keçirməyi tələb edir. Beynəlxalq hüquq təkcə dövlətlər deyil, eləcə də transmilli şirkətlərdən iqlimə təsirlərinə görə cavabdehlik, iqlim dəyişmələrinin azalmasında məsuliyyətlə iştirak tələb edir. Beynəlxalq öhdəliklər öz implementasiyasını məhz milli hüquqda qəbul edilmiş qanunvericilik aktları ilə təmin edir.

Bu kontekstdə Azərbaycan, onun üçün əhəmiyyət kəsb edən qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin təsnifatını dəqiq müəyyən etmişdir. Belə ki, ölkəmizin Dayanıqlı İnkişaf üzrə 17 məqsədindən biri də iqlim dəyişmələrinə qarşı mübarizədir.

Azərbaycanın milli qanunvericilik sisteminə nəzər saldıqda isə əminliklə ifadə etmək olar ki, müzakirə olunan problemlə bağlı fundamental hüquqi bazamız mövcuddur.

Ətraf mühitin ekoloji tarazlığının mühafizəsinin, atmosfer proseslərinə fəal təsir imkanlarının, ekoloji təhlükəsizliyin təmin edilməsinin, insanların həyat və sağlamlığının qorunmasının hüquqi əsaslarını müəyyən edən Ekoloji təhlükəsizlik haqqında, Hidrometeorologiya fəaliyyəti haqqında, Atmosfer havasının mühafizəsi haqqında, Ətraf mühitin mühafizəsi haqqında, Əhalinin sağlamlığının qorunması haqqında və digər müvafiq qanunlar beynəlxalq sənədlərin tələblərinə tam cavab verir. Ən əsası isə bu normativ hüquqi aktlar cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir”.    

A.Vəliyevin sözlərinə görə, son dövrdə iqlim dəyişmələri və onların fəsadları çərçivəsində sağlamlığın qorunmasını  gücləndirmək məqsədilə Azərbaycan Parlamenti bəzi  qanunlara dəyişiklik edib:

“Milli Məclisin yeni - VII çağırışının ilk payız sessiyasında "Ekosid"lə bağlı CM-nə mütərəqqi dəyişiklik edildi və "Ekosid" törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təsbit edildi. Habelə, "Ətraf mühitin mühafizəsi haqqında” və "Yaşıllıqların mühafizəsi haqqında" qanunlarda müvafiq dəyişiklik edildi, yaxın vaxtlarda sözügedən məsələ ilə digər qanunlarda da dəyişiklik edilməsi ilə bağlı təkliflərə baxılması nəzərdə tutulur. 

Proqnozlara əsasən, 2050-ci ilədək dünya əhalisinin təxminən 70%-i şəhərlərdə yaşayacaq. Bu da urbanizasiyanın ətraf mühitə mənfi təsirlərini azaltmaq məsələsini aktuallaşdırır.

Odur ki, şəhərdə əhalinin sağlamlığının qorunması, məşğulluğun təminatı, yaşıl məkanların sahəsinin artırılması, tullantıların idarə olunması kimi prioritet hədəflər müəyyən etməyin vaxtıdır. Bu hədəflərin reallaşması üçün ekoloji təhsil və tərbiyəyə, habelə bu sahə üzrə kadrların hazırlanmasına ehtiyac var.

Məhz TÜRKPA çərçivəsində tərəfimizdən bu məqsədlə hazırlanmış və yaxın günlərdə müvafiq komissiyanın iclasında müzakirə olunacaq “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” model qanun layihəsi də üzv dövlətlərin əhalisinin, xüsusən də böyüyən nəslin ekoloji təhsil və maarifləndirmə üzrə fəaliyyətinə öz töhfəsini verəcək”.

Nuranə Daxilqızı

Seçilən
9
50
qafqazinfo.az

10Mənbələr