Rusiyada ötən il kartofun qiyməti təxminən 92 faiz artıb.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın dövlət statistika qurumu (Rosstat) açıqlayıb.
Kartof Rusiyada ən çox istehlak olunan tərəvəz məhsuludur. O digər tərəvəzlərlə və qida məhsulları ilə müqayisədə daha böyük sürətlə bahalaşıb.
Ötən ay bir kiloqram kartofun orta qiyməti 56,9 rubl (təxminən 1 manat) təşkil edib. Təkcə noyabr ayında kartof 17,6 faiz bahalaşıb.
Populyar məhsulun belə kəskin bahalaşması istehlakçıları o dərəcədə narahat edib ki, hətta bəzi şəxslər ölkənin Baş Prokurorluğina da müraciət ediblər.
Rusiyalı analitiklər qeyd edir ki, Rusiyada kartofun 2 dəfəyə yaxın bahalaşmasının səbəbi 2022 və 2023-cü illərdə istehsalın kəskin artması ilə bağlıdır. 2023-cü ildə istehsal hətta son 30 ilin rekord səviyyəsinə çatıb. İstehsalın artması ilə əlaqədar bazarda bolluq yarandığından qiymətlər əvvəlcə 16 faiz, sonra 32 faiz enmişdi.
Qiymətər aşağı olduğundan 2024-cü ildə kartof əkilən sahələr azaldılıb ki, bu da məhsul yığımına və bazardakı qiymətlərə təsir edib.
Qeyd edək ki, Rusiya hər il Azərbaycandan da kartof alır. 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan Rusiyaya 42,5 min ton kartof ixrac olunub.
Vasif