AZ

Təcili Tibbi Yardım maşınları çağırılan ünvanlara niyə gecikir? - AÇIQLAMA

Son günlər ölkədə yayılan xəstəliklər, viruslar Təcili Tibbi Yardım xidmətinin də iş yükünü artırıb. Bu da onların gedəcəkləri ünvanlara gecikməsinə yol açır.Adının çəkilməsini istəməyən bir vətəndaşımız da elə xidmətin gecikməsilə bağlı yaşadığı problemi Missiya.Az-a müraciət edərək bildirib.Belə ki, dünən gecə saatlarında şikayətçinin anasının ürəyində ciddi ağrılar olub. O da Təcili Tibbi Yardıma zəng edib. Narahatlıq içində neçə dəfə zəng etsə də, həmin xidmət çağırılan ünvana çox gecikib. Vətəndaş da narazılıq edir ki, bu gecikmə anasının vəziyyətini daha da pisləşdirə bilərdi. Hələ bu azmış kimi, ürək xəstəsinə kardioloq göndərmək əvəzinə, terapevt həkim yönləndirilib.Biz də məsələni araşdırmaq məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan verilən açıqlamaya görə, 103 Çağrı mərkəzinə daxil olan müraciətlər təcili və təxirəsalınmaz olaraq çeşidlənir."Təcili hallar: ağır travmalar, yaralanmalar, qanaxmalar, doğuş ya düşük təhlükəsi, yanğın, suda boğulma, yad cism, qusma, elektrik cərəyanının vurulması və s. Təxirəsalınmaz hallar: temperatur, təzyiq, böyrək sancısı, baş bağrısı, xroniki xəstəliklər və s. aiddir. Qeyd edək ki, təxirəsalınmaz çağırışlar 1 saat ərzində icra oluna bilər. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 21 yanvar saat 23:51-də Nizami rayonu, Nəsimi küçəsi ev 32M , mənzil 46 ünvanından 68 yaşlı şəxs üçün çağırış daxil olub. Nizami rayonu üzrə təcili tibbi briqadası saat 01:33-də çağırış ünvanına çatıb. Qeyd edək ki, şəxsin müraciətinin qeydə alındığı zaman təcili tibbi yardıma daxil olan çağırışların intensiv vaxtında olub. Ünvana çatan təcili tibbi yardım həkimi tərəfindən xəstə müayinə olunub və onda təzyiqin qalxması (150/100 mm c.s) müəyyən edilib. Yerində tibbi xidmət göstərilib. Bundan əlavə, pasiyentdə nevroloji problemlərin də olduğu bildirilib və nevropatoloqa müraciət etmələri tövsiyə olunub. Onu da qeyd edək ki, Təcili Tibbi Yardım xidmətində ixtisas bölgüsü mövcud deyil. 103 Çağrı mərkəzinə müraciət daxil olduqda çağırışa uyğun olaraq, ünvana səyyar briqada yönləndirilir. Xəstənin vəziyyətinin ağırlıq dərəcəsinə görə lazım olarsa, həmin ünvana səyyar briqada tərəfindən reanimasion (ARB) briqada çağrılır" - məlumatda vurğulanıb.

Zərintac Mayisqızı Missiya.Az 

Seçilən
14
missiya.az

1Mənbələr