Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” mobil tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb. Son beş ayda tətbiqin endirilməsi 1 milyondan çox artaraq bu göstəriciyə çatıb.
2022-ci ildə istifadəyə verilmiş “SİMA İmza” bu müddətdə əhatə dairəsini xeyli genişləndirib. Hazırda yeni nəsil rəqəmsal imzanın tərəfdaşlarının sayı 70-ə yaxındır. Təkcə “digital.login” vahid giriş sistemi üzərindən 150-dən çox hökumət portalına “SİMA İmza” ilə giriş təmin edilib. Bundan başqa 40-a yaxın maliyyə qurumu (o cümlədən 10 bank) SİMA rəqəmsal imza vasitəsilə müxtəlif xidmətlərini rəqəmsallaşdırıb.
“SİMA İmza” tətbiqi yaradılandan sonra vətəndaşların və qurumların elektron imza əldə etməsi üçün xidmət mərkəzlərindən asılılığa son qoyulub. İnternetə çıxış olan istənilən yerdə, istənilən vaxt smartfon vasitəsilə yeni nəsil rəqəmsal imzanın əldə olunması mümkündür. Bunun üçün sadəcə “SİMA İmza” tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir. Tətbiq vətəndaşlar üçün ödənişsizdir.