BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Qeyri-Hökumət Təşkilatları (QHT) üzrə Komitəsinin 2025-ci il müntəzəm sessiyası 20-24, 30-31 yanvar və 3 fevral tarixlərində Nyu-Yorkdakı BMT Baş Qərargahında keçirilir.
QHT.az xəbər verir ki, sessiya çərçivəsində müxtəlif QHT-lərin müraciətləri və hesabatları nəzərdən keçiriləcək, yekun hesabat isə 11 fevral 2025-ci ildə qəbul ediləcək.
İclaslarda Azərbaycan QHT-lərinin status məsələsinə baxılacaq
Sessiya çərçivəsində BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) ilə məsləhətçi statusu üçün təqdim edilmiş 213 yeni müraciət, eləcə də əvvəlki sessiyalardan təxirə salınmış 323 müraciət qiymətləndiriləcək. Bununla yanaşı, məsləhətçi statusuna malik 500 QHT-nin dördillik hesabatı və əvvəlki sessiyalardan təxirə salınmış 100 təşkilata aid 131 hesabat dəyərləndiriləcək.
Komitə tərəfindən Azərbaycandan müraciət etmiş aşağıdakı QHT-lərin üzvlük məsələsinə baxılacaq:
- "Odlar Yurdu" Gənclər İctimai Birliyi – Əvvəlki sessiyalardan təxirə salınmış müraciətlər arasında yer alır.
- Mədəni İnkişafın Təbliği İctimai Birliyi – Əvvəlki sessiyalardan təxirə salınmış təşkilatlar sırasındadır.
Sessiyanın yekun tövsiyələri 10-11 iyun 2025-ci il tarixlərində keçiriləcək İdarəetmə Segmenti zamanı təsdiqlənmək üçün İqtisadi və Sosial Şuraya təqdim ediləcək.