Azər Həsrət: “Fransanın əzazil davranışı tək Reyunyon deyil, onların istila etdikləri bütün torpaqlarda özünü göstərib”
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniya qurulub.
Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə bu təsir adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünü göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir. Onu da bildirək ki, Reyunyon Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkir. Orada insanlığa qarşı amansız cinayətlər törədilib. Bu gün də Reyunyonda müstəmləkəçilik davam edir. "Ka Ubuntu" təşkilatının Reyunyon bölməsinin koordinatoru Benjamin Kleman bildirib ki, Fransa tərəfindən qanunsuz olaraq bizim regionda çoxsaylı abortlar həyata keçirilib. Bu da insanlığa qarşı aparılan cinayətdir. Fransa heyvanlar üçün istifadə olunan dərmanlar vasitəsilə bu cinayətləri törədib. Uşaq sayını azaltmaq üçün qadınları heyvan dərmanı ilə abort etdiriblər. Bununla yanaşı, Fransa Reyunyonda uşaqların öz kimliyini unutması üçün məqsədli şəkildə addımlar atırdı. Belə ki, Reyunyona xas olan Afrika mənşəli adlara malik uşaqlara Fransa metropoliyasına xas adlar verilərək, təzə adlarla şəxsiyyət vəsiqələri paylanırdı. 1982-ci ilə qədər davam etmiş bu məqsədyönlü köç nəticəsində öz ailə bağlarını itirmiş uşaqlar çox ciddi psixoloji problemlər yaşayıblar.
“Dünyanın aparıcı dövlətləri Fransanın BMT-nin təhlükəsizlik şurasının 5 daimi üzvündən biri olmasını ləğv etməlidir”
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Fransanın qəddar, insanlığa zidd davranışları yeni deyil. Fransanın əzazil davranışı tək Reyunyon deyil, onların istila etdikləri bütün torpaqlarda özünü göstərib: “Fransızlar özlərini dünyanın ən mədəni xalqı kimi təqdim edir. Ancaq davranışları ən aşağı səviyyədədir. Onlar insanlığın üz qarasıdır. Təsəvvür edin, bir ərazi işğal edib, oranın təbii sərvətlərini talayıb, üstəlik qeyri-insanı yanaşma ilə o əhalinin kökünü kəsməyə çalışıb. Bunu edən isə Fransadır. Fransa son davranışları ilə dünyanın üz qarasına çevrilib. Bu səbəbdən də hesab edirəm ki, dünyanın aparıcı dövlətləri Fransanın BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmasını ləğv etməlidir. Fransa ordan uzaqlaşdırılmalıdır, çünki bu ölkənin buna haqqı çatmır. Bu dövlət guya Avropa dəyərlərinə söykənir, ancaq Afrikanın hansısa cəngəllik dəyərlərinə belə hörmət edə bilmir”.
Günel CƏLİLOVA