AZ

Rus bölməsində oxuyanların əksəriyyəti buna görə kəsilir - Ekspert açıqladı

Bakı məktəblərindən birinin 5-ci sinif şagirdinin valideynləri Elm və Təhsil Nazirliyinə qarşı iddia qaldırıb. Buna səbəb isə 5-ci sinif rus bölməsində “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisidir. Valideynlər uşaqlarının dərsi anlamaqda çətinlik çəkdiyini bildiriblər.

Məhkəmə həmin iddiaya necə cavab verəcək, ümumiyyətlə rus bölməsində fənlər necə tədris olunmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, Azərbaycanda yaşayan şəxslər üçün Azərbaycan dilini bilmək vacibdir. Buna görə də iddia məhkəmə tərəfindən qurumun xeyrinə olacaq:

"Rus bölməsi şagirdlərinə "Azərbaycan tarixi" kitabının dövlət dilində tədris tədris prosesinin dövlət dilində aparılması ilə bağlı 2020-2023-cü tədris ilindən etibarən qərar verilmişdi və ötən ildən də bu həyata keçirilmişdi. Bunun müsbət və mənfi tərəfləri ictimaiyyətdə bir müddət müzakirə obyekti oldu. Nazirliyin qərarı öz qüvvəsində qalacaq. Çünki Azərbaycanda hər hansı bir fəaliyyət göstərən tədris müəssisəsi bilavasitə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Azərbaycan dövlətinin müəyyən tələbləri ola bilər və bu tələblər həmin təhsil müəssisəsi tərəfindən də qəbul olunmalıdır. Biz bunu cəmiyyətdəki vəziyyətə görə, yəni həmin şagirdlərin Azərbaycan dili imtahanından keçə bilməməsi, çətinlik çəkməsini, həmçinin də gələcəkdə hər hansı bir əmək fəaliyyətində, müəyyən bir dövlət qurumlarında mövqe tutacaqlarını diqqətə alarıqsa, əbəttə ki, bu qərar yerində olan bir qərardır. Mən "Azərbaycan tarixi" kitabının və yaxud da tədris prosesinin Azərbaycan dilində aparılmasının tərəfdarıyam. Rus bölməsi şagirdləri onsuz da əksər fənləri rus dilində keçirlər. Amma bəzi fənlər var ki, onlar Azərbaycan dilində olmalıdır. Buradakı tarix Azərbaycan tarixidir, ona görə öz dilimizdə tədrisi aparılmalıdır. Bu, sadəcə rus bölməsinə şamil olunmur, bütün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumtəhsil məktəblərinə şamil olunur. Çünki həmin şagirdlər Azərbaycan dilini bilməlidirlər".

Ekspertin sözlərinə görə, hər il qəbul imtahanlarında rus bölməsi abituriyentlərinin 50 faizi Azərbaycan dilindən keçə bilmirlər.

"Onlar ali təhsil ocaqlarına, universitetə qəbul ola bilmirlər. Yəni burada problem rus bölməsi abituriyentlərinin Azərbaycan dilində bilik səviyyəsinin aşağı olmasıdır. Əslində rus bölməsi abituriyentlərinin gələcək karyera baxımından da Azərbaycan dilini bilmələri mütləqdir. Çünki əgər bunların 90 faizi ali təhsili bitirdikdən sonra Azərbaycan ictimaiyyətində, dövlət orqanlarında, istər özəl sektorunda əmək fəaliyyətinə başlayacaqlarsa, əlbəttə, burada rus dili ilə yanaşı, Azərbaycan dilini də bilmələri vacibdir. Çünki bəzi qaydalar, bəzi müqavilələr, bəzi qanunlar, qanunvericiliyin tələbləri əsasən Azərbaycan dilində aparılır. Yəni buradakı dövlət qurumlarında işləyənlərin Azərbaycan dilində sərbəst danışması məcburiyyəti var. Buna görə də mən düşünürəm ki, rus bölməsi abituriyentlərinin və yaxud da tədris fərqli dildə aparılan ümumtəhsil məktəblərində olan şagirdlərin Azərbaycan dilinə olan münasibəti yüksək olmalıdır. "Azərbaycan tarixi"nin burada salınması həmin rus bölməsi abituriyentlərində Azərbaycan dilinə olan biliyi yüksəltmək xarakteri daşıyır. Yəni bu şagirdlərə ana dilində tədrisin aparılması məhz Azərbaycan dili biliyinin yüksəlməsinə xidmət göstərir. Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyasının doğma dildə tədrisi milli dövlətçiliyimiz, dilimizin inkişafı, dilimizin öyrədilməsi yönündən müsbət qiymətləndirilməlidir. Bəzi fənlərin Azərbaycan dilində keçirilməsi mütləqdir. Bunu müsbət qarşılayıram və alqışlayıram", - deyə R.Nurəliyev bildirdi.

Türkan İSGƏNDƏRLİ

Seçilən
20
50
redaktor.az

10Mənbələr