Mehman Muradlı: “Hamı bilir ki, cinayətdə ittiham edilən həmin şəxslərin ev dustaqlığına buraxılması mümkün deyil, onların burda evləri yoxdur”
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.
Məhkəmədə təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.
Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirərək, təqsirləndirilənlərin şəxsiyyətinin, onların ittiham olunduqları əməllərin ağırlığının və xarakterinin, habelə həbsin ev dustaqlığı ilə əvəz olunmasının obyektiv məhkəmə baxışının aparılmasına mane olacağını nəzərə alaraq, qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını və vəsatətin təmin olunmamasını xahiş edib.
Yanvarın 21-də keçirilən prosesdə zərərçəkmiş şəxslərin nümayəndələri və zərərçəkmiş şəxslər, o cümlədən Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək, vəsatətlərin təmin olunmamasını və təqsirləndirilən şəxslərin həbsdə qalmasını xahiş ediblər.
Təcavüz dövründə Azərbaycana qarşı ağır cinayət törətməkdə ittiham edilən şəxslər ev dustaqlığına buraxılmaqlarına dair vəsatət qaldırıblar. A.Harutyunyan ev dustaqlığına çıxmaq istəmədiyini deyib, amma digər 14 nəfər ev dustaqlığına çıxmaq istəyir. Təbii, hələ o vəsatətlə bağlı qərar verilməyib. İttiham olunan bu şəxslər ev dustaqlığı istəyirlər, bunlar gedib hansı evdə oturacaqlar, onların evi hardadır? Bunlardan biri Ermənistandan, o biri başqa bir yerdən gəlib. Onlar ordan-burdan gələn adamlardı, heç yerləri-yurdları da düz-əməlli bəlli deyil. Onların yaşadıqları ev var? Ev dustaqlığı verilsə bunlar ev dustaqlığını harda keçirəcəklər? Bunların ev dustaqlığında olması ciddi təhlükələr törətməzmi?
Ekspertlər bildirir ki, onların ev tutstaqlığına buraxılması məntiqli görsənmir və bu lazımsız bir məsələdir. Ekspertlərə görə, ittiham olunanların ev dustaqlığına buraxılması bunların özünün həyatı ilə bağlı ciddi təhlükələr yarada bilər. Yəni Ermənistan kəşfiyyatı bu adamları öldürüb günahı Azərbaycanın üstünə də ata bilər. Bu ehtimallar da var. Təqsirləndirilən şəxslərin ev dustaqlığına çıxmaq istəmələri və Harutyunyanın ev dustaqlığı istəməməsi çox maraqlıdır. O birilər nə üçün ev dustaqlığına çıxmaq istəyirlər? Bu dustaqlar niyə başa düşmürlər ki, bunların dustaqxanadakı təhlükəsizliyi ilə ev dustaqlığıdakı təhlükəsizliyi bir deyil. Bu gün Ermənistanda müəyyən qüvvələr aranı qarışdırmaq üçün onların həyatına hər cür sui-qəsdlər təşkil etməkdə və bunun günahını Azərbaycanın üstünə atmaqda maraqlıdırlar. Belə halda Azərbaycan məhkəmələri onlara ev dustaqlığı verə bilməz, bu mümkün deyil.
Amma bu adamlar harda ev dustaqlığını keçirmək niyyətində ola bilərlər? Niyə ev dustaqlığına belə meyllidirlər? Bilə-bilə ki, ev dustaqlığı həbsxana ilə müqayisədə təhlükəsizlik baxımından daha pisdir, niyə ev dustaqlığına can atırlar?
Ekspertlər hesab edir ki, onların bəziləri ev dustaqlığı məsələsini qaldırmaqla məsuliyyətdən yayınacağını, hətta qaçıb aradan çıxmaq imkanı əldə edəcəyini düşünə bilər, amma bu mümkün deyil. Ekspertlər hesab edir ki, onların ev dustaqlığına çıxmaq planlarının arxasında çox ilginc məqamlar dayana bilər. Eyni zamanda, bu onların həyatı üçün böyük təhlükə yaradar. Digər tərəfdən də, onların Bakıda evləri yoxdur ki, onlara ev dustaqlığı da verilsin. Ekspertlərin fikrincə, onların çoxunun evi Ermənistandadır və onlar bəlkə də Ermənistana getmək istəyir, amma bu da tamamilə absurddur.
“Bu harda təmin olunacaq, onlar hansı evdə qalacaqlar?”
Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə təqsirləndirilən şəxsləri müdafiə edən vəkillərin onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırmasının özü doğru deyil. “O işə çıxan vəkillər həmkarlarımdır, məndən inciməsinlər, amma formal xarakterli vəsatətlərin verilməsi düzgün deyil. Hesab edirlər ki, burda guya müdafiə hüququnun qorunmasından çıxış edirlər. Bu bir az qəribədir. Hamı bilir ki, cinayətdə ittiham edilən həmin şəxslərin ev dustaqlığına buraxılması mümkün deyil, onların burda evləri yoxdur. Tutalım, vəsatət təmin olundu, onlar ev dustaqlığına buraxıldılar, bu harda təmin olunacaq, onlar hansı evdə qalacaqlar? Onlar burda qeydiyyatdadırlarmı? Onların heç Azərbaycanda qeydiyyatları yoxdur. Onlar heç özlərini Azərbaycan Respublikasının vətəndaşları saymırlar. Təqsirləndirilən şəxslərin arasında keçmişdə Azərbaycan vətəndaşı olanlar da var. Hesab edirəm ki, yersiz və icrası mümkün olmayan bir vəsatətdir” - deyə M.Muradlı bildirdi.
İradə SARIYEVA