Bakı, TurkicWorld
Dünən Los-Ancelesin şimalında baş verən yeni meşə yanğını bölgədə vəziyyəti daha da çətinləşdirib.
TurkicWorld xəbər verir ki, sürətlə yayılan yanğın Kastaik gölünün yaxınlığında başlayaraq cəmi iki saat ərzində 1400 hektar ərazini məhv edib və güclü küləklər səbəbindən alovlar sürətlə böyüyüb.
Yanğının mərkəzi olan Santa Clarita ətrafındakı bölgədə təxminən 31.000 nəfərin evlərini tərk etməsi əmri verilib. Polis və təcili yardım xidməti məhəllələri patrul edərək sakinlərdən təhlükəsizliyini təmin etmək üçün ərazini dərhal tərk etmələrini istəyib.
Kaliforniya Yanğın Departamentindən Brent Pasqua bildirib ki, bölgənin iqlim şəraiti yanğının daha təhlükəli olmasına səbəb olub. “Aşağı rütubət, güclü küləklər və uzun müddətdir yağış görməyən kollar bu yanğının belə tez yayılmasına səbəb olur,”- deyə o vurğulayıb.
Meteoroloq Daniel Svain isə əlavə edib ki, küləklərin güclənməsi vəziyyəti daha da çətinləşdirir. “Helikopterlər hazırda alovu söndürməyə cəhd göstərir, lakin yaxın saatlarda küləklər səbəbindən bu əməliyyatlar dayandırıla bilər,” deyə o xəbərdarlıq edib.
Bölgədəki quraqlıq isə vəziyyəti daha da ağırlaşdırır. Kaliforniyanın yağışlı mövsümündə olsa da, son səkkiz ay ərzində Cənubi Kaliforniyada demək olar ki, heç bir güclü yağış qeydə alınmayıb. Bu da bitkilərin qurumasına və yanğın riskinin artmasına səbəb olub.