Texnologiya əsrində yaşayırıq. Artıq yazışmalarımızı kompüterlər, elektron poçtlar, mesajlar, sms-lər və s. kimi sürətli ünsiyyət vasitələri ilə edirik. Bu da əl yazısı yazmaqdan, məktublardan bizi xeyli uzaqlaşdırıb. Hətta əl yazısı yazmaq bizim üçün çətinləşməyə doğru gedir. Amma yazı yazmaq çox önəmlidir, onu qoruyub saxlamaq və digər nəsillərə də ötürmək gərəklidir.
Hər il yanvarın 23-ü dünyada "Xətt Günü" və ya "Əl Yazısı Günü" ("National Handwriting Day") qeyd olunur.
Adı şəkilən bayram ilk dəfə müasir texnologiyanın daha çox inkişaf etdiyi Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilməyə başlayıb. ABŞ-nin yazı ləvazimatları istehsalçılarının assosiasiyasının həmin addımı atmaqda məqsədi əl yazısının dəyərini xatırlatmaq və onun populyarlığını qoruyub saxlamaq olub. Məhz yanvarın 23-nün “Əl yazısı günü” qeyd edilməsi isə təsadüfi deyil. Bayramın tarixi ABŞ-nin məşhur dövlət xadimi Con Xenkokun anadan olduğu gündür. Xenkok ABŞ-nin Müstəqillik Bəyannaməsinə ilk imza atan şəxs kimi tarixə düşüb.
Qeyd edək ki, Çində, Yaponiyada və bir çox digər Asiya ölkələrində gözəl yazmaq bacarığı incəsənət hesab olunur və bu gün hətta kalliqrafiya ustaları çox yüksək qiymətləndirilir. Başqa ölkələrdə gözəl əl yazısı çox yüksək dəyərləndirilməsə də, yaxşı xətt, əl yazısı hər yerdə hörmətə layiq görülür. "Xətt Günü" ələ qələm tutub yazı yazmağın əvəzolunmaz, faydalı olduğunu bir daha diqqətimizə çatdırır..
Zərintac MayisqızıMissiya.Az