AZ

“Köhlən atlar”ın son şansı...

Tam əminliklə deyə bilərik ki, “Qarabağ” Azərbaycan FCSB və ya, sadəcə, “Styaua” kimi tanıdığımız adlı-sanlı Rumıniya klubu ilə UEFA Avropa Liqası turnirinin əsas mərhələsinin 7-ci tur görüşündə son dəqiqəyədək bir an belə dayanmadan döyüşəcək, bütün qüvvə və bacarığını hər qarışına yaxşı bələd olduğu stadionun yaşıl meydanında qoyacaq.

Liqanın pley-off mərhələsində oynamaq ümidini tam itirməmək üçün bu axşam oyundan 3 xalla ayrılmaq günün tələbidir. Başqa çıxış yolu görünmür. Yalnız buxarestli rəqib üzərində qələbə təqdirində yanvarın 31-nə keçən gecə Yunanıstanda “Olimpiakos” ilə sonuncu raund görüşünə marağımız qat-qat artar.
Rumıniya paytaxtı futbolçuları şəhərimizə yaxşı göstəricilərlə gəlmişlər. Onlar 6 görüşdə yalnız 1 dəfə uduzub, 3 qələbə və 2 heç-heçə sayəsində qazandıqları 11 xalla növbəti mərhələ məsələsini artıq həll etmişlər. Hazırda turnir cədvəlində 10-cu mövqedə olan FCSB-in əsas mərhələnin yekunlarına görə ən yaxşı 16 klub sırasında birbaşa səkkizdəbir finala vəsiqə qazanmaq imkanlarının da yüksək olduğunu nəzərə alsaq, həqiqətən, bu komanda çox iddialı kollektivdir.
Deməli, Azərbaycan klub futbolunun şəriksiz liderini öz meydanında, doğma azarkeşlər qarşısında oynamasına baxmayaraq, ağır matç gözləyir. Bu sınaqdan şərəflə çıxmaq, arzuladığımız qələbəyə ürəkdən sevinmək üçün istisnasız olaraq hamı, bütün kollektiv, sözün əsl mənasında, meydanda can qoymalıdır. Yaxından-uzaqdan hər bir azarkeş isə, həmişəki kimi, komandanı ürəkdən dəstəkləməli, yüksək fəallığı ilə onun gücünə güc qatmalıdır.
Ötən ilin dekabrında Azərbaycan milli çempionatının birinci yarısından sonra fasiləyə ölkənin qış çempionu kimi çıxan, üstəlik də, 18 turun yekununda turnir cədvəlində ən yaxın izləyicisi “Araz-Naxçıvan”la öz arasında 8 xallıq fərq yaradan Ağdam komandası, güman etmək olar ki, qarşıdakı oyuna böyük həvəslə, yüksək fəallıq şəraitində hazırlaşıb. Kollektivin əsas zərbə qüvvəsi Olavio Juninyonun vətəni Braziliyanın sayılıb-seçilən klublarından biri, 58 il əvvəl—1967-ci ildə Bakıda yoldaşlıq görüşündə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlmiş “Flamenqo”ya keçməsi də bu gün dünyanın ən güclü məşqçilərinin reytinq cədvəlində 158-ci mövqedə olan Qurban Qurbanovun futbolçularına maraq və diqqətin artdığının təzahürüdür. Zarafat deyil, “Qarabağ” beşqat dünya çempionu olan ölkəyə oyunçu vermişdir. Juninyoya 23 nömrəli köynəkdə çıxış edəcəyi “Flamenqo”da azarkeşləri sürətli hücumlar və məhsuldar oyunla sevindirməyi arzulayaq.
Təmsilçimizin buxarestli qonaqlarla görüşü Misli Premyer Liqasında yarışın ikinci yarısının startı ilə, demək olar, eyni vaxta təsadüf etmişdir. Altı gün əvvəl 19-cu turun ilk oyununda “Şamaxı”ya qalib gələn (3:2) ölkənin dəyişməz çempionu növbəti dəfə onu qızıl medallara aparan yolda daha bir addım atmışdır. 
Əgər Ağdam komandası bu gün saat 21:45-də starta çıxacaq oyunda pərəstişkarlarından qələbə ilə ayrılmağı bacarsa, növbəti həftə ərzində onun pley-off perspektivləri haqqında söhbətlər səngiməyəcək. Yeni ilin start ayının finişində rəqib meydanında “Olimpiakos”la oyun yunanlar üçün də son dərəcə mühüm əhəmiyyət kəsb edəcək. Hələlik 9 xalla turnir cədvəlində özünü kifayət qədər inamlı hiss edən “Olimpiakos” çətinliklə qazandığı indiki mövqeyi (15-ci yer) daha da möhkəmləndirmək əzmindədir. Hətta onun yekun cədvəlində finişə ən güclü 16 komanda sırasında çatmaq imkanları da var.
Saatlarımıza baxaq. Oyunun başlanma vaxtı getdikcə yaxınlaşır. Tezliklə anadan olmasının 100-cü ili tamam olacaq unudulmaz Tofiq Bəhramovun adını daşıyan stadionda azarkeşlər “Qarabağ” tarixində Avropa səviyyəli çox vacib daha bir oyunun həyəcanını yaşayacaqlar. Kaş bu narahat gözlənti hakimin final işarəsindən sonra qələbə sevinci, alqış sədaları ilə əvəz olunsun… 

Oqtay BAYRAMOV, 
Əməkdar jurnalist

Seçilən
24
50
xalqqazeti.az

10Mənbələr