AZ

“Bombalar partlamır, amma...” - Baruç Leviev   

Yazını böyüt
Yazını kiçilt

Nəhayət, Qəzzada yaşanan müharibə dayandırıldı. Yeni sazişə əsasən artıq bölgədə bombalar partlamır, böyük siyasətdən xəbəri olmayan dinc insanlar həlak olmur və nəticədə, dünya diqqətini daha vacib məsələlərə, məsələn, qlobal iqlim böhranına, iqtisadi yüksəlişə, elmə-tərəqqiyə və sair yönəldəcək. Amma saziş hər şeyi həll edirmi? Əsirlərin dəyişdirilməsinə başlanıb, əlbəttə, onlar qayıdacaq, amma geridə qalan daş yığınına çevrilmiş şəhər və qəsəbələrin bərpası, iş yerlərinin yaradılması, bölgə ölkələri ilə İsrailin gərginləşmiş münasibətinin yoluna qoyulması xeyli vaxt aparacaq... Hafta.az-a müsahibəsində İsraillə HƏMAS arasında imzalanan atəşkəs razılaşması və digər məsələlərə aydınlıq gətirməyə çalışan israilli politoloq Baruç Leviev söhbətə “Artıq bombalar partlamır və  əsirlərin iadəsinə başlanılıb. Bu prizmadan yanaşsaq, Qəzzada müharibə tamamilə başa çatdı deyə bilərikmi?” sualını cavablandırmaqla başladı:

- Müharibənin bitdiyini söyləyərkən ehtiyatlı olmalıyıq. Aktiv hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, dərin fikir ayrılıqları, həll olunmamış təhlükəsizlik problemləri və HƏMAS-dan gələn təhdidlər hələ də qalmaqdadır. Nəzərinizə çatdırım ki, HƏMAS -ın məqsədi İsrail dövlətini və yəhudi xalqını məhv etməkdir. Sülh təkcə bombaların partlamaması deyil, sabitlik, inam və uzunmüddətli həll yollarıdır. Təəssüf ki, bu hələ çox uzaqdadır. İlk növbədə, öz xalqına, sonra isə hər kəsə zərər vuran terror təşkilatı HƏMAS -ı tamamilə yox etmək məqsədilə İsrailin Qəzzada işlərini tamamlamaq üçün çox qısa zamanda geri dönməsi mümkündür.

- Əsirlərin dəyişdirilməsi prosesi necə gedir? İsraildə dəqiq siyahı varmı ki, məsələn, HƏMAS -dan neçə əsir alacaq, əvəzində neçə fələstinlini azad edəcək...

- İsrail vasitəçilər vasitəsilə razılaşdırılmış siyahılar əsasında hərəkət edir. Bir tərəfdə qeyri-insani şəraitdə saxlanılan vətəndaşlarımız, qadınlar, uşaqlar, digər tərəfdə əli qanlı fələstinli terrorçu məhbuslar var. Proses mürəkkəbdir, hər bir ad müzakirə olunur və diqqətlə yoxlanılır. Bizim üçün mübadilə təkcə humanitar jest deyil, həm də milli strategiyanın mühüm hissəsidir.

- Sizcə, saziş niyə məhz indi imzalandı? Yeni prezident seçilmiş Trampın tələbinə görə, yoxsa tərəflər müharibədən yorulub?

- Səbəblər çoxfaktorludur. Ola bilsin, beynəlxalq dinamika, o cümlədən ABŞ, İngiltərə, Fransa və digər dünya liderlərinin təzyiqləri də müəyyən rol oynayıb. Əsas səbəb yəhudi xalqının milli xarakterinin özəlliyidir. Bütün müsbət və mənfi cəhətləri müqayisə edərək qərara alınıb ki, günahsız vətəndaşların həyatını xilas etmək üçün çox ağrılı da olsa, güzəştə getmək lazımdır. Onu da qeyd edim ki, müharibə çox yorucudur: təkcə resurslar deyil, insanların ruhu da yorulur. Hesab edirəm ki, ölkəmizin rəhbərliyi ən münasib anı gözləyirdi və həqiqətən də ümid edirəm ki, yanılmadılar. Hər şeyi zaman göstərəcək.

- Bildiyimə görə, Netanyahu hökumətində müharibənin dayandırılmasını qəti istəməyən qruplar var. Onlar, hətta saziş təsdiqləndiyi halda belə, hökumətdən çıxmaqla hədələyiblər. Bu haqda nə deyərdiniz, müharibə tərəfdarı olan hökumət ortaqları necə razılaşdılar, onların sazişi yenidən pozma ehtimalı varmı?

- İsrail hökuməti müxtəlif ideologiyalara malik mürəkkəb mexanizmdir. Doğrudan da, hökumət kabinetində müharibənin dayandırılmasının əleyhinə çıxan qüvvələr var. Düzdür, sülh sazişi üçün güzəşt əldə olunub, amma siyasi mübarizə davam edəcək. Buna baxmayaraq deyim ki, əksər israillilər üçün təhlükəsizlik və məhbusların qaytarılması məsələsi istənilən fikir ayrılığından üstündür.

- Bilirsiniz ki, Qəzzada çox böyük dağıntılar var, bölgənin yenidən inşası prosesini necə görürsünüz? Bir az inandırıcı olmasa da, İsrailin də bərpa prosesində rolu ola bilər?

- Bu, uzun bir proses olacaq. Ancaq ən əsası fiziki sağalma deyil, inamın bərpasıdır. İsrail humanitar məsələlərdə əvvəllər olduğu kimi, müharibə başlamazdan xeyli əvvəl və təbii ki, bu, real dəyişikliklərə səbəb olarsa, kömək etməyə hazırdır. Amma resursların HƏMAS tərəfindən növbəti təcavüz üçün deyil, sadə insanların xeyrinə istifadə edilməsi çox vacibdir.

- İran təhlükəsi faktoru barədə nə deyərdiniz? Tehranda düşünürlər ki, sülh sazişinin imzalanmasına onlar kömək edib...

- İran regionda sabitliyi pozan əsas qüvvə olmaqda davam edir. HƏMAS -ı silahla təmin etdiklərini və ekstremizmi dəstəklədiklərini nəzərə alsaq, onların sülh proseslərində iştirakı sual altındadır. İran heç vaxt həm bizə, həm də bütün sivil dünyaya təhdidlər göndərməkdən əl çəkməyib. Ona görə də bunu xatırlamalı və mümkün qədər tez-tez danışmalıyıq. Onların məqsədi şəxsən mənə çoxdan bəllidir: bu güc nümayişidir, bütün Yaxın Şərq regionunda bir daha güc nümayişi. İran hökuməti radikal islamı təmsil edir.

- HƏMAS və “Hizbullah”ın nə zamansa yenidən İsrailə təhlükə törətməsi mümkün görünür? Ümumiyyətlə, onların siyasi-hərbi meydandan birdəfəlik silinib atılması mümkündür?

- Təəssüf ki, belə təhlükələr həmişə olub, var və çox güman ki, bundan sonra da olacaq. Xalqımız bütün bunları çox gözəl başa düşür. Bununla belə, İsrail güclüdür və ordusu istənilən çağırışa hazırdır. Biz əslində nəyə qadir olduğumuzu bütün dünyaya göstərdik. HƏMAS və “Hizbullah”ı hərbi-siyasi qüvvə kimi kökündən silmək üçün onların ideoloji və maliyyə əsaslarını məhv etmək lazımdır. Təəssüf ki,  bu, beynəlxalq dəstək olmadan mümkün deyil.

- Suriyada yeni hakimiyyət qurulub, ölkə sülh yolunu seçib və elan ediblər ki, bütün qonşu ölkələrlə dostluq şəraitində yaşamaq istəyirlər. İsrail yaxın gələcəkdə Suriya ilə mehriban qonşuluq əlaqələri yaradacaq?

- Mehriban qonşuluq münasibətlərinin qurulması Suriyadan asılıdır. Qarşı tərəf səmimi olarsa, İsrail həmişə sülhə açıqdır. Suriyanın bu gün gördüyümüz yeni yanaşması münasibətləri normallaşdırmaq üçün bir şansdır, lakin hələlik Dəməşqə inam minimum olaraq qalır. Sülh təkcə bəyanatlar deyil, real addımlar tələb edir.

Seçilən
14
hafta.az

1Mənbələr