Lənkəranda itkin düşmüş balıqçıların axtarışları davam etdirilir.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda itkin düşmüş hesab edilən balıqçılar Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları davam edir.
İtkin düşən Nazim Abbasovun qardaşı İsmayı Abbasov APA-ya bildirib ki, bir neçə gün hava şəraiti ilə bağlı dənizə çıxmaq mümkün olmayıb, bu gün yenidən axtarışlara başlanıb.
FHN-nin Cənub Regional Mərkəzinin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri yenidən axtarışa cəlb olunub: "Bu günə kimi hər iki ailə üzləri adından müvafiq qurumlara, o cümlədən Təbrizdəki Konsulluğumuza da rəsmi müraciət olunub. Bu gün Təbrizdəki Konsulluqdan cavab alınıb ki, balıqçılardan biri Rusiya vətəndaşı olduğu üçün həmin ölkənin Azərbaycandakı səfirliyinə də müraciət olunmalıdır. Onun ailə üzvləri bu gün Bakıdakı Rusiya səfirliyinə məlumat verəcəklər".
Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun itkin düşdüyü ehtimal edilir.