Diabet xəstələri qış aylarında yüksək qan şəkəri və bununla bağlı olaraq beyin insultu riskinin artması ilə üzləşə bilərlər.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, soyuq hava fiziki fəaliyyətin azalması, pəhrizdə karbohidratların artması və insulin həssaslığının azalması kimi amillərə səbəb ola bilər. Bundan əlavə, soyuq stress kortizol və adrenalin kimi hormonların ifrazını artıraraq qan təzyiqi və şəkər səviyyələrini yüksəldə bilər.
Qan şəkəri səviyyələrinin nəzarətsiz qalması damar zədələnməsinə, tıxanmalara və insult riskinin artmasına gətirib çıxara bilər. Hipoqlikemiya riski, dərmanların və diabet avadanlıqlarının soyuq şəraitdə düzgün işləməməsi və diabetik ketoasidoz kimi ağırlaşmalar da qış aylarında diabet xəstələrində ciddi problemlər yarada bilər.
Bu riskləri azaltmaq üçün:
Fiziki aktivliyi qoruyun: Qapalı məkanlarda yüngül məşqlər edin.
Sağlam pəhrizə diqqət edin: Balanslı və az işlənmiş qidalar seçin.
Qan şəkərini izləyin: Mütəmadi ölçmələr aparın.
Stressi idarə edin: Rahatlama metodlarından istifadə edin.
Mütəxəssis məsləhətləri alın: İnsulin və dərman dozalarını lazım gəldikdə tənzimləyin.
İsti geyin və ayaq baxımını təmin edin: Soyuqdan qorunmaq üçün uyğun geyimlərdən istifadə edin.
Bu tədbirlərə əməl etməklə diabet xəstələri qış mövsümündə sağlamlıqlarını daha yaxşı idarə edə və komplikasiyaların qarşısını ala bilərlər. Hər zaman həkimlə məsləhətləşmək vacibdir.
Tərcümə: Könül Oruc