AZ

“Qarabağ”ın FCSB-dən üstün tərəfləri - ARAŞDIRMA

“Qarabağ” və FCSB bu gün Avropa Liqası Liqa mərhələsinin 7-ci turundakı duellərinə fərqli mövqedən çıxacaqlar. Ağdam klubu 3 xalla autsayderlər sırasında – 33-cü pillədə yola pley-offdan davama cüzi nəzəri şansa ümid edirsə, buxarestlilər 11 xalla 10-cu mövqedən ilk 8-liyə düşərək 1/8 finala birbaşa vəsiqə yolunda Bakıda irəliləməyi düşünürlər.

Bəs komandaların bir çox oyun göstəricilərində fərq nə qədərdir?

İdman.biz bunu araşdıraraq, yuxarıda sadalanan fərqlərə baxmayaraq, “Qarabağ”ın bir çox sahələrdə rəqibini üstələdiyini üzə çıxarıb.

Qurban Qurbanovun yetirmələri vurulan və xüsusən də buraxılan qollarda rəqibdən xeyli geri qalırlar. Futbolçularımız 4 top vurub 14-nü buraxıblarsa, karpatlılar 7 qol vuraraq cəmi 5-ni buraxıblar.

Ancaq bor çox oyun göstəricilərini nəzərdən keçirdikdə ağdamlıların irəlidə daha fəal və istəkli olmasını, lakin yekun nəticənin istənilən olmamasını görmək olar. Rəqib az imkanlarda daha səmərəli faydalanmağı bacarır.

Elə tək hücumların sayı bu deyilənləri təsdiqləyir. “Qarabağ” 6 oyunda 236 dəfə hücuma çıxıbsa, cəmi 150 həmləsi olan FCSB Liqada yalnız 2 komandadan bu sahədə üstündür.

Futbolçularımız 70 zərbədən cəmi 20-ni qapı çərçivəsinə göndərə biliblərsə, rumıniyalıların 62 zərbəsindən 22-si lazımi istiqamətə yönəlib. Rəqiblər ağdamlıların 18, buxarestlilərin 11 zərbəsini bloka alıb.

“Köhlən atlar” 6 oyunda 12 real qol vəziyyətini əldən veriblərsə, rəqibində belə itirilən fürsət vur-tut 4 olub. Azərbaycan təmsilçiləri 6 dəfə topun dirəyə tuş gəlməsinə təəssüfləniblərsə, rumıniyalılar belə təəssüfü ümumiyyətlə yaşamayıblar.

“Qarabağ” qollarından 3-nü cərimə meydançası daxilindən, 1-ni uzaq məsafədən vurub. Qarşı tərəfdə bu rəqəmlər müvafiq olaraq 6 və 1-dir.

Toplamda “Qarabağ”ın (141) Liqanın 2-cisi, FCSB-nin (129) 6-cısı olması hər iki komandanın mübarizliyini göstərir. Ağdam futbolçuları təkbətək mübarizənin 53,5, mövqe mübarizəsinin 45,7, hava mübarizəsinin 41,7 faizində qalib gəliblər. Buxarestlilərdə bu göstəricilər 50,5, 51,7 və 47,7 faizdir.

Ötürmə sayında və dəqiqliyində rəqib Liqada ən zəiflər sırasındadır. 2283 ötürməsindən 1750-si (75,3 faizi) dəqiq olan karpatlılardan “Qarabağ” futbolçuları xeyli üstündürlər – 2918 ötürmədən 2475-i (84,3 faizi) dəqiq olub.

Uzun ötürmələrin ünvana çatdırılması göstəricisində də komandamız üstündür - 51,7% - 47%.

6 oyunda təmsilçilərimiz 50, rəqibi 47 uğurlu driblinq ediblər.

Topa sahibolmada da 52,7% göstəriciyə malik “Qarabağ” Liqada 33-cü olan FKSB-dən (44,5) çox üstündür.

Künc zərbələrini Ağdam təmsilçiləri 31, rumıniyalılar 19 dəfə yerinə yetiriblər.

Ofsayda hər iki komanda eyni sayda – 13 dəfə düşüb.

“Qarabağ”ın müdafiəçiləri son ümid foluna 3 dəfə əl atıblarsa, qarşı tərəfdə belə cəhd olmayıb.

Qapıçı seyvlərində qolkiperlərimizin müəyyən üstünlüyü var - 25-21.

Oyun intizamına gəldikdə, 56 dəfə qayda pozan futbolçularımız 13 sarı, 2 qırmızı vərəqə ilə cəzalandırılıblar. Daha kobud oynayan rumıniyalılar 82 dəfə qaydanı pozub, 21 dəfə sarı, 2 dəfə qırmızı vərəqə görüblər.

Göründüyü kimi, bir çox göstəricidə rəqibini üstələyən komandamız əsas lazım olan qol və xal göstəricilərində xeyli geri qalır. Elə öncəki rəqiblərin də bir çoxundan belə üstünlüyə malik olan futbolçularımız meydanı əksər halda əliboş tərk etmişdi. Gözləyək görək, bu dəfə “Köhlən atlar” üstün tərəflərindən faydalana biləcəklərmi?

Vüqar Məmmədov
İdman.biz

Seçilən
21
3
idman.biz

5Mənbələr