Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir.
Azərbaycan uzun illərdir Davos İqtisadi Forumunda təmsil olunur və xüsusilə də 2007-ci ildən başlayaraq cənab prezident İlham Əliyev Davos Forumuna qatılır. Davos Forumunda Azərbaycanın aktiv iştirakı, Azərbaycanın həm iqtisadi mövqeyinin gücləndirilməsi, yeni tərəfdaşların tapılması və mövcud əlaqələrin daha da inkişaf etdirilməsində çox mühüm rol oynamaqdadır. Həmçinin bu iqtisadi platforma imkan verir ki, bir çox məsələlərə aydınlıq gətirilsin və asanlıqla böyük şirkətlərin, kooperasiyaların, ölkə rəhbərlərinin tədbirlərdə iştirak etməklə yanaşı, ikitərəfli, üçtərəfli görüşlərin də baş tutması bir çox layihələrin reallaşmasına müsbət təsir verməkdədir.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
"Çox sevindirici haldır ki, 2025-ci ildə keçirilən növbəti Davos İqtisadi Forumunda cənab prezident elə ilk gündən maraqlı görüşlər keçirdi və bu görüşlərin də böyük əksəriyyəti qarşı tərəfin istəyi əsasında baş tutdu. Bu, Azərbaycana olan marağın gündən-günə artmasından xəbər verir. Həmçinin də Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi, Azərbaycanın öz ərazisini, nəqliyyatın şaxələndirilməsi, Ələt Azad İqtisadi zonasını yaratması nəticə etibarilə Azərbaycanı Orta Dəhlizin ən aparıcı və həlledici dövlətinə çevirmişdir".
Deputat qeyd edib ki, bununla yanaşı Azərbaycanın enerji resurslarını ixrac etməsi, yaşıl enerjiyə keçidi təmin edə bilməsi və Avropaya bu enerjini daşımaq üçün böyük meqalayihəni həyata keçirməsi Azərbaycana olan marağı artırmaqdadır.
"Həmçinin Azərbaycan həm Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dönəmdə, həm də COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi də Azərbaycanın mövqeyini daha da gücləndirmişdir. Xüsusilə də, 44 Günlük Vətən Müharibəsində əldə edilmiş zəfərimiz, 2023-cü ildə suverenliyimizin tam bərpa edilməsi, Qarabağda abadlıq-quruculuq işlərinin uğurla həyata keçirilməsi də Azərbaycana olan marağın daha da artmasına gətirib çıxarmışdır".
N.Həmzəyev bildirib ki, cənab prezidentin Latviya, İsrail, Almaniya, İraq dövlətlərinin prezidentləri ilə görüşlərinin baş tutması bütün bu məsələlərdən xəbər verməsi deməkdir.
“Davos İqtisafi Forumu hələ davam edir və biz çox maraqlı görüşlərə şahidlik edəcəyik. Unutmamalıyıq ki, bütün baş tutan bu görüşlər və həyata keçirilən layihələrin bir məqsədi Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması və gələcək üçün daha güclü Azərbaycanı qura bilməyimiz və Azərbaycanın gücünə güc qatmağımızdır”, - deyə millət vəkili vurğulayıb.
Aminə Nəzərova