"Heç vaxt Moskvada Bakıda olduğu kimi tıxaclar görməmişəm".
"Operativ Media" xəbər verir ki, bunu öz ölkəsinin mətbuatına müsahibəsində "Turan Tovuz" klubunun rusiyalı qapıçısı İvan Konovalov deyib.
Rusiyalı qapıçı Azərbaycan çempionatının xüsusiyyətlərindən danışıb.
"Ondan başlayaq ki, çempionatın özünəməxsus xüsusiyyətləri var. Burada on komanda var və hamısı bir-birindən xal ala bilər. Çempionat özü də kifayət qədər çətindir, çünki ən azı altı klub dörd avrokubok yeri uğrunda mübarizə aparır. Azərbaycan futbolunun flaqmanı “Qarabağ”dır. O, həm də çempionluğun əsas namizədidir. “Neftçi” də var, amma onlar mövsümə pis başladılar. Amma hələ çox oyun var, özlərini toparlaya bilərlər.
O, qış fasiləsini də dəyərləndirib.
"Qış fasiləsi çox uzun deyildi. Artıq 4 yanvarda Türkiyədə toplanış üçün bir araya gəldik. Evdə də mövsümün ikinci hissəsinə hazırlaşırdım. Şəxsi məşqçim var, onunla zalda məşq edirdim. Bir neçə gün istirahətim oldu, amma yenə də formada qalmağa çalışırdım. Yeni il tətilində də özümə artıq heç nə etməyə icazə vermədim. 19 yanvarda artıq Yeni İldən sonrakı ilk oyun baş tutdu".
İvan Konovalov Bakıdakı tixacların Moskvaya nəzərən daha pis olduğunu bildirib.
"Azərbaycanda tıxaclar həqiqətən daha pisdir. Heç vaxt Moskvada Bakıda olduğu kimi tıxaclar görməmişəm. Xüsusilə saat dörddən sonra – dəhşətdir sadəcə. Bilmirəm, insanlar bu vaxt necə harasa gedə bilirlər. Burada taksini buna görə 30 dəqiqə gözləyə bilərsən, sonra isə 40-50 dəqiqə yol gedərsən, halbuki yol tıxac olmadan cəmi 15 dəqiqə çəkir. Şəhərin özü böyük deyil. Amma elə alınır ki, hamı bir prospektdən istifadə edir və o da həmişə tıxacda olur".