AZ

Azad rayonlarda enerji istehsalı regionların inkişafında mühüm mərhələdir...

Image

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkənin qarşısında duran mühüm vəzifələrdən biridir. 

Bu, ölkənin dayanıqlı inkişafının zəruri şərtlərindəndir. Regionların sosial-iqtisadi inkişafı ölkənin iqtisadi sabitliyinin təmin edilməsində, ölkədə işsizlik probleminin aradan qaldırılmasında, ticarət dövriyyəsinin artmasında mühüm amil hesab olunur.

Bu inkişaf yalnız şəhərlərə deyil, həm də kənd və uzaq bölgələrə yönəldilir 

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, bölgələrdəki iqtisadi potensialın gücləndirilməsi, işsizlik səviyyəsinin azaldılması və həyat keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Bu inkişaf yalnız şəhərlərə deyil, həm də kənd və uzaq bölgələrə yönəldilir. Nəticədə isə regionlar arasında inkişaf fərqlərinin aradan qaldırılması mümkün olur. Dövlət və özəl sektor əməkdaşlığı bu məqsədin həyata keçirilməsində mühüm rol oynayır. Sosial inkişaf dedikdə əhalinin rifah səviyyəsinin və firavanlığının yüksəldilməsi nəzərdə tutulur. İqtisadi inkişaf isə ölkə miqyasında istehsal və istehlakda kəmiyyət və keyfiyyət irəliləyişlərini əks etdirir. Bunlar bir-biri ilə sıx bağlıdır. Bu baxımdan regionların sosial-iqtisadi inkişafı dövlət siyasətimizin ən mühüm prioritetlərindən birini təşkil edir. Qəbul edilmiş müvafiq Dövlət proqramları qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin rifah halının yüksəldilməsinə geniş imkanlar açıb. Sözügedən sahədə inkişafın təşviqi üçün infrastruktur layihələrinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və regionlara investisiyaların cəlb edilməsi vacib amildir. Həmçinin yerli sahibkarlığın dəstəklənməsi, təhsil və sağlamlıq xidmətlərinin inkişafı da sosial-iqtisadi inkişafı sürətləndirir. Kənd təsərrüfatı, sənaye və turizm kimi sahələrə yönəldilən investisiyalar yerli iqtisadiyyatı şaxələndirərək daha dayanıqlı və rəqabətli edir.

4 il ərzində 32 su elektrik stansiyası istismara buraxılıb, 2025-ci ildə isə daha 11-nin açılışı olacaq

O da məlumdur ki, Azərbaycan işğal altında olan əraziləri azad edəndən sonra həmin ərazilərin yenidən qurulmasına böyük vəsaitlər xərcləyir. Bunlardan biri də Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyaların qurulmasıdır. 2024-cü ilin 12 ayında Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” tərəfindən 550 milyon kilovat saatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Həmin 550 milyon kilovat saat enerjinin üçdə biri, yəni 200 milyon kilovat saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə Respublika enerjisisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə, 120 milyon kub metr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Qeyd edək ki, təkcə 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq “Yuxarı Vəng”, 4,3 MVt-lıq “Zar”, Laçın rayonunda 2,8 MVt-lıq “Zabux”, 4,6 MVt-lıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib. Bununla da, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığının icrası üzrə işlər ardıcıllıqla görülməkdədir. Belə ki, 4 il ərzində 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur.

SES-lərin orada tikilməsi həm iqtisadi, həm də ekoloji nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, işğaldan azad edilən rayonlarda “yaşıl enerji” layihələrinin həyata keçirilməsinin böyük iqtisadi əhəmiyyəti var: “Əvvəla, Qarabağ və Şərqi Zəngəzur böyük hidro resurslara malikdir. Azərbaycanın su ehtiyatlarının 25 faizi işğaldan azad edilmiş ərazilərdə yerləşir. Orada iti sürətlə axan və bol sulu dağ çayları var ki, su elektrik stansiyalarının tikintisi üçün əlverişli zəmin yaradır. Sözügedən elektrik stansiyalarının orada tikilməsi həm iqtisadi, həm də ekoloji nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Çünki bu zaman həmin region özü elektrik enerjisinə olan tələbatını ödəyir. Həmin stansiyalarda yeni iş yerləri açılır və bu da bölgə əhalisinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Digər tərəfdən bunun ekoloji baxımdan böyük əhəmiyyəti var. Məsələ ondadır ki, Azərbaycanda elektrik enerjisinin böyük hissəsi istilik elektrik stansiyalarının payına düşür. Bu stansiyalar da qazla işləyir. Su elektrik stansiyalarının sayının artması həm qaza qənaət etməyə imkan verəcək, həm də minlərlə ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Üstəlik, işğaldan azad edilmiş rayonların həm də böyük günəş enerjisi potensialı var. Cəbrayıl rayonunda BP şirkəti Günəş Elektrik Stansiyası inşa edir. Bütün bu görülən və görüləcək işlər “yaşıl enerji”nin inkişafına öz töhvəsini verir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
15
baki-xeber.com

1Mənbələr