Türkiyənin Ədliyyə Naziri Yılmaz Tunç, Bolu Kartalkaya Xizək Mərkəzindəki "Grand Kartal Otel"də baş verən yanğınla bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, Yılmaz Tunç açıqlamasında bildirib ki, belə bir faciəyə səbəb olan, səhlənkarlıq və məsuliyyətsizlik göstərənlərin ədalət qarşısında cavab verəcəyinə heç kimin şübhəsi olmasın.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən "Məhkəmə İslahatı Strategiyasının Tanıtım Toplantısı"nda çıxış edən Tunç, yanğında həyatını itirənlərə rəhmət, yaralananlara isə təcili şəfa arzulayıb.
Nazir, hadisə ilə bağlı başladılan istintaqın hərtərəfli və böyük diqqətlə davam etdirildiyini vurğulayaraq deyib: "Faciəyə səbəb olan heç bir məsuliyyətsizlik cəzasız qalmayacaq".
Kənan YUSİF