AZ

Baydenin Trampla Bakının arasına buraxdığı daha bir problem- USAİD...

Image

Ölkə qanunvericiliyinə əsasən, istər Azərbaycanda, istərsə də kənardan ölkəmizdə hansısa quruma verilən  qrant qeydiyyatdan keçməlidir. Amma Qərbin müəyyən qurumları bu sahədə problem yaratmağa çalışırlar. Özü də həmin qurumlar ehtiyac duyulan sahələrə qrant ayırmaqdan çox vaxt imtina edirlər. Buna əyani misal kimi USAID-i göstərmək olar.

Xatırladaq ki, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində prezident İlham Əliyev bu məsələyə toxunmuşdu. Dövlət başçısı qeyd etmişdi ki, Bayden administrasiyası tarixdə bir çox məsələ, amma o cümlədən bir göstərici ilə yadda qalacaq: “Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil... Zənnimcə, Tramp onu qadağan edə bilər...Rusiyada onu  qadağan etdiniz və doğru iş gördünüz. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”. İndi prezidenti Donald Trampın xarici yardımı dayandırması fonunda USAID üçün də çətin günlər başlanır.  Hazırda dünyanın müxtəlif nöqtələrində humanitar qruplar, qeyri-hökumət təşkilatları, sahibkarlar, fermerlər və hökumətlər Vaşinqtonun planlarını narahatlıqla izləyirlər. Buna səbəb Donald Trampın xarici yardımı dayandırmasıdır. Yeni administrasiyasının ilk addımlarından biri kimi Tramp ABŞ-ın xarici inkişaf yardımını 90 gün müddətinə dayandıran fərmana imza atıb və bildirib: “ABŞ-nin xarici yardımı mənim xarici siyasətimə uyğun olmayan bir şəkildə verilməyəcək”. Tramp uzun müddətdir ki, ABŞ-ın xarici yardım siyasətinə tənqidi yanaşır. Xarici yardım federal büdcənin təxminən 1 faizini təşkil edir. O, prezidentliyinin birinci dövründə, 2018-ci ildə BMT-də çıxışı zamanı bildirib: “Biz xarici yardımı yalnız bizə hörmət edən və bizim dostumuz olan ölkələrə verəcəyik”. Trampın son fərmanında yardımın hansı ölkələrə, proqramlara və ya benefisiarlara təsir göstərəcəyi konkretləşdirilməyib. Eyni zamanda, bu qərarın ABŞ Konqresi tərəfindən federal büdcədən artıq ayrılmış xarici yardıma təsiri hələ aydın deyil. Trampın yeni dövlət katibi Marko Rubio deyib: “ABŞ-ın xərclədiyi hər bir dollar, maliyyələşdirdiyimiz hər bir proqram və həyata keçirdiyimiz hər bir siyasət üç sadə suala cavab verməlidir: Bu, Amerikanı daha təhlükəsiz edirmi? Bu, Amerikanı daha güclü edirmi? Bu, Amerikanı daha firavan edirmi?”. Norveç Qaçqınlar Şurasının baş katibi Yan Eqeland ümid edir ki, Əfqanıstana humanitar yardım dondurulmayacaq.

2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan bəri USAID Ukraynaya milyardlarla dollar həcmində humanitar yardım, inkişaf dəstəyi və birbaşa büdcə yardımı ayırıb. Tramp isə Bayden administrasiyasının Ukraynaya göstərdiyi yardımın miqdarını tənqid edib. Kiyevdə yerləşən Korrupsiya Əleyhinə Komissiyası (NAKO) adlı qeyri-hökumət təşkilatının tədqiqatçısı Svitlana Musyak  bildirib ki, USAID-in Ukraynaya maliyyə yardımının dayandırılması vətəndaş cəmiyyəti proqramlarına mənfi təsir göstərə və ABŞ-ın demokratik islahatlar və iqtisadi sabitliyə dəstəyinin azalması siqnalı ola bilər: “Belə hallar dəyişikliklərin həyata keçirilməsini çətinləşdirə bilər, lakin onları dayandırmaz”. LGBT hüquqlarını müdafiə edən “Bizim Dünya” təşkilatının nümayəndəsi Andriy Kravçuk isə ABŞ-ın Ukrayna cəmiyyətinə yardımını çox əhəmiyyətli, lakin həlledici olmayan hal kimi qiymətləndirib. Onu da xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov son mətbuat konfransında bildirib ki, USAID-in fəaliyyəti ölkəmizdə 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb. Nazirin sözlərinə görə, USAID-in Azərbaycanda yardımları ABŞ-ın mənafeyi üçün edilirdi: “Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik”. O xatırladıb ki, 2000-si ildən çərçivə sənədi mövcud idi. C.Bayramov bildirib ki, bu sazişin xitam müddəti 2024-cü ilin fevral ayına təsadüf edirdi: “Bu ərəfədə ABŞ-dən Azərbaycana ən yüksək səviyyədə USAİD çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə mesajlar göndərildi. Biz qarşı tərəfə şərtlərlə bağlı danışıqların aparılmasının vacibliyini bildirdik və təkliflər yazılı şəkildə ABŞ-a göndərildi. Lakin fevraldan iyun ayına qədər bizə məlum oldu ki, ABŞ öz istəyini diktə edərək Azərbaycana qəbul etdirmək istəyir və Azərbaycanın heç bir legitim maraqlarını nəzərə almaq istəmir. Bunları nəzərə alaraq Azərbaycan tərəfi həmin sazişin bir daha uzadılmaması barədə qərar qəbul etdi”. Nazir əlavə edib ki, USAİD-in fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi: “Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib”. USAID 1991-ci ildən bəri Azərbaycanda həyata keçirilən humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına 431 milyon dollar sərmayə qoyduğunu bildirir. Lakin onun bu pulları daha çox Azərbaycanın daxili işlərinə müdaxilə istiqamətində xərclədiyi də sirr deyil. 

Nahid SALAYEV





Seçilən
15
50
baki-xeber.com

10Mənbələr