![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/1737644158_socar.webp)
Dövlət şırkətlərinin rəhbərləri tender üsulu ilə seçilməlidir
SOCAR dövlətin kommersiya yönümlü bir şirkətidir, o, müstəqil şəkildə biznes fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinə malikdir. Lakin SOCAR menecerləri, özəl kommersiya qurumlarından fərqli olaraq, məsələyə ikiqat məsuliyyətlə yanaşmalıdır.
Çünki özəl kommersiya qurumlarının idarəçiləri yalnız kollektiv qarşısında məsuliyyət dasıyırsa, dövlətin kommersiya şirkəti xətalarına görə həm də dövlət qarşısında məsuliyyət daşıyır. Amma çox təəssüflər olsun ki, Azərbaycanda dövlətə məxsus kommersiya şirkətlərinin hökumət qarşısında məsuliyyətinə etinasız yanaşılır. Dövlətə məxsus kommersiya şirkətlərinin kəsirləri hər il dövlət büdcəsi tərəfindən ödənilir və növbəti ildə də biz idarəçiliyin eyni menecerlərdə qalmasının şahidi oluruq.
Fikrimizcə, bu düzgün yanaşma deyil. Dövlətə məxsus kommersiya qorumlarına rəhbərlər müddətli şəkildə tender yolu ilə seçilməlidir. Tenderə profil üzrə ali ixtisası və təcrübəsi olan hər kəs layihə təqdim edə bilməlidir. Layihənin məzmununda göstərilməlidir ki, iddalı mütəxəssis şirkəti hansı metodlarla rentabelli idarə edəcək. Kimin layihəsi daha innovativ və ağılabatandırsa, şirkətin idarəçiliyi həmin mütəxəssisə verilməlidir. Həmin mütəxəssis şirkəti təqdim etdiyi layihəyə uyğun idarə edə bilməyəcəksə, növbəti il onunla vidalaşıb, başqa idarəetici tapmaq lazımdır. Yəni borcları büdcədən ödəyib, idarəçilikdə heç bir dəyişiklik etməmək doğru yanaşma deyil. Elə bu cür yanaşmanın nəticəsidir ki, Azərbaycanda dövlət şirkətlərinin böyük əksəriyyəti zərərlə işlədiyi halda onu hələ də eyni rəhbərlər idarə edir. Məsələn, SOCAR-ın ADNF-ya ümumi borcu 2 milyard dollara yaxınlaşıb. Bir tərəfdən də bu borc artmaqda davam edir. Bu borcun ödənilməsi barədə heç düşüncə belə yoxdur.
Bununla yanaşı, "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir ki, SOCAR-ın 2023-2024-cü illərdə ödəməyi planlaşdırdığı borc öhdəliklərinin həcmi 11,2 milyard manat təşkil edir. Bu borcun ödənilməsi üçün isə şirkətin cəmi 4-5 milyard manat daxili imkanları var. Bəs borcun qalan 6,2 milyard manatını kim ödəyəcək? Adətən şirkət qururlar ki, mənfəət gətirsin, bizim dövlət şirkətlərimiz hökumətə yalnız zərər gətirir.
Bu yaxınlarda SOCAR Türkiyədə iki qazpaylayıcı şirkətini satdı. Çox güman ki, həmin vəsaitin bir hissəsini Sabiha Gökçen Hava Limanına investisiya kimi yatıracaq.
SOCAR Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə Enerji” şirkəti və “Nakkaş Holding” arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb.
Protokolu “SOCAR Türkiyə Enerji”nin baş icraçı direktoru Elçin İbadov və “Nakkaş Holding”in İdarə Heyətinin sədri Ramazan Öztürk imzalayıb.
Sənəd SOCAR məhsullarının dəmir yolu ilə daşınmasının logistikasının inkişafı və Sabiha Gökçen Hava Limanında aviasiya yanacağının ticarəti və saxlanması obyektinin yaradılmasını nəzərdə tutur.
Sözügedən hava limanı barədə aparılan araşdırmalarımız göstərir ki, bu şirkətə investisiya qoymaq olar. Amma müəyyən risqlər də mövcuddur. Məsələn, bu, İstanbulun birinci hava limanı olsaydı risq dərəcəsi xeyli azalardı. Risqlər olsa da, hava limanının göstəriciləri dünyanın ilk 30-luğuna düşür. Görək SOCAR bu investisiya layihəsindən nə qazana biləcək.
Sabiha Gökçen Hava Limanı barədə əldə etdiyimiz məlumatları təqdim edirik.
Sabiha Gökçen Beynəlxalq Hava Limanı Pendik rayonu sərhədləri daxilində inşa edilmiş İstanbulun 2-ci hava limanıdır. Hava limanı dünyanın ilk qadın qırıcı pilotu və Türkiyənin ilk qadın pilotu Sabiha Gökçenin adını daşıyır.
Hava limanının təməli 1998-ci ilin fevralında qoyulub, tikintisi isə 2001-ci ilin yanvarında başa çatdırılıb. Hava limanı ümumilikdə 550 milyon dollara başa gəlib.
"Airport Management and Aviation Industries Inc." hava limanının sahibi (HEAŞ), "Malaysia Airports Holdings Berhad" (MAHB) tərəfindən isə idarə olunur. 2023-cü ildən etibarən "IC Holding" Sabiha Gökçen Hava Limanında tərəfdaşdır. Yerüstü xidmət, istismar, yük və təhlükəsizlik əməliyyatları İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı "Yatırım Yapım ve İşletme A.Ş.", qısaca ISG şirkəti tərəfindən həyata keçirilir.
2017-ci ildə 31 milyon 385 min 841 sərnişin, 219 min 656 təyyarə və 50 min 868 ton yük daşıyan Sabiha Gökçen hava limanı ölkənin ikinci ən işlək hava limanıdır.
Hava limanı "AirHelp Score 2019" çərçivəsində 40-dan çox ölkədən 40 mindən çox sərnişinin iştirak etdiyi sorğuda əldə edilə bilən 10 baldan 7,93 bal toplayıb. Airhelp.com tərəfindən dünyanın 29-cu ən yaxşı hava limanı seçilib.
Hava limanının ikinci uçuş-enmə zolağı 25 dekabr 2023-cü ildə açılıb. İkinci uçuş-enmə zolağı açıldıqdan sonra birinci uçuş-enmə zolağında xidmətin dayandırılması planlaşdırıldı. Hava limanı 2024-cü ildə iki uçuş-enmə zolağı ilə fəaliyyətə başlayıb.
Göründüyu kimi, hava limanına qoyulan investisiyanın doğrulmaq ehtimalı 50%-dən çoxdur. Görək, SOCAR-ın bu investisiyasan mənfəəti nə qədər olacaq.
Akif NƏSİRLİ