AZ

Saxta erməni tarixinin izlərini qədim Babilistan yazılarına aparıb çıxardılar...

Image

Qasım Hacıyev: “Cənab Finkel, ermənilərin saxtakarlığa, uydurmalara meylli olmasından sui-istifadə edib tarixi saxtalaşdırma, sənin “kəşflərin” yalnız baş qatmağa, tarixi saxtalaşdırmağa xidmət edir”

“Ermənistan” anlayışını “qədimləşdirmək” üçün nəinki erməni alimləri, hətta bəzi Qərb tədqiqatçıları da canfəşanlıq edir. Bu adda dövlətin yaranma tarixi də, erməni adlandırdığımız hayların hardan gəldiyi də dünyaya məlumdur. Amma di gəl ki, faktlarla razılaşmayıb özlərinə qədim dünyada “izlər” qondarırlar.

Erməni mediası yazır ki, Ermənistan Tarixi Muzeyində “Ermənistan qədim xəritələrdə” daimi sərgisi çərçivəsində “Beynəlxalq əməkdaşlığın nəticəsi olaraq “Babil dünya xəritəsi yeni işıqda” mövzusunda mühazirə keçirilib və professor, Britaniya Muzeyinin Yaxın Şərq şöbəsinin baş kuratoru İrvinq Finkel mühazirə oxuyub.

Professor Finkel eramızdan əvvəl VII-V əsrlərdə yaradılmış qədim Babil dünya xəritəsi haqqında öz tapıntılarını və maraqlı şərhlərini təqdim edib. Qeyd olunur ki, bu xəritə Britaniya Muzeyində saxlanılır. O, üzərində qədim Babilin ətraf ərazilərlə xəritəsinin qorunub saxlanıldığı gil lövhəni göstərib. Onların arasında guya “erməni Urartu” və ya Van Krallığının olduğunu deyib. 

Həmin professor İrəvanda gəzərkən guya orda dünyanın qədim Babil xəritəsinin metal surətini “görüb” və təəccüblənib. 

Ermənilərə aid olmayan Urartudan danışan alim iddia edib ki, guya xəritədə əks olunanların Ermənistan ərazisinə aidiyyəti var. “Xüsusilə “Urartu” sözünün dialekt variantı olan və Urartu çarlığının yerləşdiyi ərazini bildirən “Uraştu” sözü işlədilib. Təəccüblü kəşf budur ki, bütün araşdırmalara görə, söhbət tarixi Ermənistanın ərazisindən (?) gedir”. Bunu britaniyalı professor iddia edib. O dövrdə Ermənistan ərazisi vardı ki, o barədə Babil dünya xəritəsində də məlumat olsun? Təsəvvür edin ki, bu başdan-başa yalan və saxtakarlıqdır və erməni mifologiyası əsasında səsləndirilən fikirdir. Urartunun haylarla əlaqəsinin olmadığı məlumdur və Urartu, yaxud Van çarlığının bir qolunun Ağrı dağa düşməsi belə o demək deyil ki, bu çarlıqlar ermənilərə aid olub. O torpaqların tarixi türk torpaqları olduğunu, indiki Ermənistan ərazisinə ermənilərin çox sonradan köçürüldüyünü Britaniya alimi də yaxşı bilir. Sadəcə, erməni yalanının quyruğuna çevrilib suyu bulandırmağı, tarixi saxtalaşdırmağı özünə peşə bilir. 

“Finkel bu saxtakarlıqla yalnız erməniləri həvəsləndirə bilər, amma gerçəyi dəyişə bilməz”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın Tarix muzeyi uzun illərdir saxta tarixi təbliğ etməklə məşğuldur və öz yalanlarına başqalarını da şərik edirlər. “Əli qələm tutanlarının hamısının qulluq etdiyi bir məzhəb var - ermənilərin “qədim tarixini” yaratmaq. Bunlar yeni məsələ deyil. Bu saxtalaşdırma işinə XVII-XVIII əsrlərdən başlayıblar, XIX-XX əsrlərdən başlayaraq saxtakarlıq və uydurma  dolu kitablar çap edirlər, bütün dünya tarixçilərinin diqqətinə çatdırmaq istəyirlər ki, ermənilərin guya “qədim tarixi” var. Boris Pyatrovskinin, Arakelyanın və digərlərinin yazdığı saxta tarixləri bir kənara qoyaq. XX əsrdə  Boris Pyatrovskinin və başqalarının erməni tarixinə aid saxta kitablar yazdığını, qondarma, qeyri-elmi fikirlər irəli sürdüyünü bilirsiniz. Bu barədə sizinlə çox söhbətlərimiz olub. Bilirsiz ki, hələ Sovet dövründə Moskvada rus dilində bir sıra saxta kitablar  çap ediblər. Bu tarixçilərin hamısı “qədim erməni dövlətçiliyi” yaratmağa xidmət edib. Onların məqsədi bu olub. 

Britaniyalı professora gəlincə, görünür, onun əlinə hardansa Babil yazıları keçib. Babil yazıları da yeni deyil, dünya tarix elminə çoxdan məlumdur, dəfələrlə oxunub, dünya tarixçiləri, arxeoloqları illərlə Babil yazıları  üzərində tədqiqatlar aparıblar. Amma o tədiqatçıların, arxeoloq və tarixçilərin heç biri deməyib ki, Babil yazılarında Ermənistan haqqında yazılıb. İndi Finkel ortaya çıxıb yeni “kəşfi” ilə ermənilərin başını qatır, bu yaşda başına bir qrup nağılpərəst toplayıb gopologiya ilə məşğul olur. Babil yazılarında qayaüstü yazılar, gil lövhəciklər və sair var. Amma bütün bunlarda “Ermənistan” sözü yoxdur, bunu bütün tarixçilər, arxeoloqlar yaxşı bilir. Bu, birmənalı Finkelin uydurması, saxtakarlığıdır. Ermənilərin bu məsələdə saxtakarlığa, yalana, uydurmaya meylini yaxşı bilən bu Finkel çox “ustalıqla” orda Urartu dövlətinin adını oxuyur, Urartunun sərhədlərini göstərir, Urartu və Van çarlığının adlarını çəkir və bunu da gətirib ermənilərə bağlayır. Elə məsələ ondadır ki, Urartu dövləti də, Van çarlığı da, onların ərazisi də olub, urartu tayfaları yaşayıb, böyük güclü tayfalar olublar, qonşu dövlətlərlə də mübarizələr, müharibələr aparıb. Amma bu dövlətin də, bu xalqın da ermənilərə aidiyyəti yoxdur. Britaniyalı professor indi yeni “üsul” tapıb və o xəritəni də “üçbucaq xəritə” adlandırır, dünyanın bu başından vurub o başına çıxır, orda “erməni dağlıq ərazisi” sözünü qeyd edir, Ağrı dağı, Ermənistan, Urartu, Van çarlığı adlarını çəkir. Bu yaşlı kişi yenə də köhnə bayatı çağırır. Bunu niyə edir, hansı məqsədlə edir, bilinmir. Bu saxtakarlığı yeni “tapıntı”, Babilistanda tapılan yeni “xəritə” adı altında qələmə verir. Başdan-ayağa cəfəngiyatdır. Qoy o alim bilsin ki, bizim onun kimilərinin saxta gil löhfələr düzəldib Türkiyə ərazindəki qədim abidələrin yanında, qəbristanlıqlarda, ayrı-ayrı yerlərdə basdırdıqlarından da xəbərimiz var. Bunların Azərbaycanda da nə qədər saxtakarlıq etdiyini bilirik. O deyir ki, ərəb, qədim yəhudi dillərində 130-a yaxın belə gil löhvəcik var. Özünü böyük bir tədqiqatçı kimi göstərib ermənilərin gözünə kül üfürür. Demək istəyirəm ki, cənab Finkel, ermənilərin saxtakarlığa, uydurmalara meylli olduğundan sui-istifadə edib tarixi saxtalaşdırma, sənin “kəşflərin” yalnız baş qatmağa, tarixi saxtalaşdırmağa xidmət edir. Finkel bu saxtakarlıqla yalnız erməniləri həvəsləndirə bilər, amma gerçəyi dəyişə bilməz”. 

Q.Hacıyev qeyd etdi ki, Finkel Ermənistanın “tarixini” Babil yazılarında “kəşf” edib baş qatmaqdansa, son 30 ildə ermənilərin Azərbaycan ərazisində həyata keçirdiyi tarixi saxtalaşdırma işləri ilə də tanış olmağa çalışsın. “Ermənilər bizim Kəlbəcər ərazisində daş sexi açmışdılar və bu sexdə daşların üzərinə xüsusi kimyəvi maddələr tökərək onların rəngini dəyişir, qədim “abidə” kimi ərazilərimizdə basdırırdılar. Onlar Kəlbəcərdən gedəndən sonra ordan rəngi “qədimləşdirilmiş” xaç başdaşları, başqa daşlar aşkarladıq. Bunu bizim tarixçilər yazıblar, müxtəlif dillərdə yayılıb. Onlara bir göz atsın, görsün ki, müdafiə etdiyi ermənilər Qarabağda, Kəlbəcərdə hansı saxtalarlıqlar ediblər. Onun “kəşf” etdiyi gil lövhə kiçik şeydir, ondan da böyük saxtakarlıqları ermənilər Azərbaycan ərazisində həyata keçiriblər. Eyni zamanda onun da saxtakarlıqla “qədim Ermənistan” adlandırdığı tarixi Qərbi Azərbaycanda ermənilər bütün abidələri saxtalaşdırıblar. Bu elə bir məsələdir ki, obyektiv, vicdanlı tarixçinin diqqətindən qaçmamalıdır”-deyə Q.Hacıyev əlavə etdi. 

İradə SARIYEVA 





Seçilən
14
baki-xeber.com

1Mənbələr