Türkiyədə aparılan bir araşdırma göstərir ki, kirayəçi olmaq iqtisadi yük və qeyri-müəyyənlik səbəbindən xroniki stress və narahatlıq yaradır.
E-saglam.az xəbər verir ki, araşdırmada iştirak edənlər gəlirlərinin böyük bir hissəsini kirayəyə xərclədiklərini, əlavə işlərdə çalışdıqlarını və həyat keyfiyyətlərinin azaldığını bildiriblər. Qəfil kirayə artımı və evdən çıxarılma qorxusu psixi sağlamlığa mənfi təsir göstərərək daimi stress mənbəyi kimi qəbul edilir.
Maddi çətinliklər səbəbindən sosial həyatdan təcrid, ailədaxili gərginlik və utanc hissi kimi problemlər də kirayəçi olmağın nəticələri arasında qeyd olunur. Mənzil böhranı səbəbindən ev sahibliyi nisbətinin azalması və kirayəçilik səviyyəsinin artması bu problemi daha da dərinləşdirir. Üstəlik, kirayə xərclərinin yüksəkliyi yığıma və gələcəyə investisiya imkanlarına mane olur. Araşdırma, kirayəçi olmağın sosial və psixoloji təsirlərini aydın şəkildə ortaya qoyur.
Tərcümə: Könül Oruc