AZ

"TələbəPlus"dan sonra "TəhsilPlus" da gəldi- nə faydası olacaq...

Image

Kamran Əsədov: “TəhsilPlus” kartı proqramının tətbiqi təhsil işçilərinin gündəlik ehtiyaclarını qarşılayacaq, eyni zamanda onların peşəkar fəaliyyətini dəstəkləyəcək bir sistem olmalıdır”

Təhsil işçiləri üçün “TəhsilPlus” kartı proqramının hazırlanması nəzərdə tutulur”. Bunu Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov media nümayəndələrinə şərhində bildiribO qeyd edib kibu proqramdan müəllimləridarəedici heyətdirektor və direktor müavinləri, ümumiyyətlə, təhsil sahəsində çalışan hər kəs faydalana biləcək

Qeyd edək ki, artıq bir müddətdir tələbələrə “TələbəPlus” kartları verilib. Həmin kartlarda təqdim edilən yerlər, məsələn, dükanlar, əyləncə mərkəzlərində qiymətlər o qədər yüksəkdir ki, tələbələr bu kartlardan yararlana bilmirlər. İndi isə təhsil işçiləri üçün “TəhsilPlus” kartı nəzərdə tutulur. Daha çox müəllimlər üçün nəzərdə tutulan bu kartlar hansı sahələri əhatə etməlidir və əhəmiyyəti olacaqmı?

“Azərbaycanda təhsil sahəsində çalışanlar üçün “TəhsilPlus” kartı proqramının yaradılması təşəbbüsü təhsil işçilərinin sosial rifahının artırılması istiqamətində mühüm addım ola bilər”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda təhsil sahəsində çalışanlar üçün “TəhsilPlus” kartı proqramının yaradılması təşəbbüsü təhsil işçilərinin sosial rifahının artırılması istiqamətində mühüm addım ola bilər. Bu cür proqramlar müəllimlərin maddi, sosial və peşəkar ehtiyaclarını qarşılamaqla yanaşı, onların cəmiyyətdəki statusunu gücləndirə və təhsil sisteminə müsbət təsir göstərə bilər: “Azərbaycan təhsil sistemində bu istiqamətdə görülən işlərə baxdıqda, bu təşəbbüsün əhatə dairəsi, tətbiq olunan sahələr və gözlənilən nəticələr geniş şəkildə təhlil edilməlidir. Azərbaycanda əmək qanunvericiliyinə əsasən, müəllimlərin sosial müdafiəsi və rifahı ilə bağlı bir çox müddəalar mövcuddur. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, dövlət işçilərinin, o cümlədən təhsil işçilərinin sosial təminatı təmin edilməlidir. Bununla belə, müəllimlərin aldığı maaşların kifayət qədər olmadığı, onların gündəlik xərcləri qarşılamaq üçün əlavə dəstəyə ehtiyac duyduğu bir çox ictimai müzakirələrin mövzusudur. Məsələn, 2023-cü ildə müəllimlərin orta aylıq maaşı 700 manat civarında olub ki, bu da bir çox Avropa ölkələri ilə müqayisədə aşağı göstəricidir. Bu baxımdan “TəhsilPlus” kartı təşəbbüsü onların iqtisadi yükünü azaltmaq üçün faydalı ola bilər. Dünya təcrübəsində müəllimlər üçün xüsusi güzəşt və dəstək proqramlarının uğurla tətbiq edildiyini görürük. Məsələn, Türkiyədə tətbiq olunan “Öğretmen Kart” proqramı vasitəsilə müəllimlər ictimai nəqliyyatdan güzəştli istifadə edir, muzey və mədəniyyət obyektlərinə pulsuz və ya endirimli giriş əldə edir. Bundan əlavə, müəllimlər müəyyən təhsil resurslarından və texnologiyadan daha əlverişli şərtlərlə istifadə edə bilir. Bu proqram Türkiyədə müəllimlərin sosial həyatını yaxşılaşdırmaqla yanaşı, onların peşəkar inkişafına da töhfə verir. Bununla müqayisədə, Skandinaviya ölkələrində müəllimlər üçün daha kompleks dəstək proqramları mövcuddur. İsveçdə müəllimlərə təhsil texnologiyalarından istifadə üçün subsidiyalar təqdim olunur. Müəllimlər kompüter, proqram təminatı və rəqəmsal təhsil alətləri üzrə xüsusi güzəştlərdən yararlanır. Norveçdə isə müəllimlərə mütəmadi olaraq peşəkar inkişaf proqramlarında iştirak etmələri üçün əlavə büdcə ayrılır. Bu ölkələrdə müəllimlərin motivasiyasını artırmaq və təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün bu cür proqramlar çox önəmlidir”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda  müəllimlərin bu cür güzəştlərdən faydalanması üçün sistemli yanaşma tələb olunur. “TəhsilPlus” kartı proqramı müəllimlərin maddi rifahını yaxşılaşdırmaqla yanaşı, onların peşəkar inkişafını dəstəkləmək üçün nəzərdə tutulmalıdır: “Məsələn, bu kart vasitəsilə təhsil işçilərinə kitab mağazalarından, onlayn tədris platformalarından və təlim proqramlarından xüsusi güzəştlər təqdim oluna bilər. Eyni zamanda, tibbi xidmətlər, sağlamlıq sığortası və idman zalları üzrə endirimlər proqramın əhatə dairəsinə daxil edilməlidir. 

Beynəlxalq Əmək Təşkilatının (ILO) araşdırmalarına görə, müəllimlərin sosial rifahı təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. 2021-ci ildə aparılan tədqiqatlar göstərib ki, sosial dəstək proqramlarından faydalanan müəllimlərin 78%-i işlərində daha yüksək motivasiya nümayiş etdirir. Azərbaycanda da müəllimlərin sosial rifahını artırmaqla onların işə olan bağlılığını və peşəkar fəaliyyətlərini gücləndirmək mümkündür. Bu proqram yalnız sosial müdafiə məqsədilə deyil, həm də təhsil sistemində strateji dəyişikliklər etmək üçün bir vasitə kimi nəzərdən keçirilməlidir. Müəllimlərin texnoloji biliklərini artırmaq, peşəkar inkişaflarını təmin etmək və onların cəmiyyətdəki nüfuzunu gücləndirmək bu təşəbbüsün əsas məqsədi olmalıdır. Bu isə təhsil işçilərinin yalnız maliyyə dəstəyini deyil, həm də mənəvi və peşəkar dəstəyi hiss etmələrinə imkan yaradacaq. “TəhsilPlus” kartı proqramının tətbiqi təhsil işçilərinin gündəlik ehtiyaclarını qarşılayacaq, eyni zamanda onların peşəkar fəaliyyətini dəstəkləyəcək bir sistem olmalıdır. Bu cür təşəbbüslər müəllimlərin rifahını artırmaqla yanaşı, təhsil sisteminin ümumi inkişafına da töhfə verəcək. Azərbaycan təhsil sistemində bu kimi innovativ yanaşmaların həyata keçirilməsi, həm yerli, həm də beynəlxalq təcrübəyə əsaslanaraq, təhsilin keyfiyyətini yüksəltmək üçün vacib addımdır”.

Günel CƏLİLOVA





Seçilən
17
baki-xeber.com

1Mənbələr