AZ

Yaratdığı dünyaya köçən yazıçı

Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” romanı haqqında

Bu kitab məndən ötrü ədəbiyyatda səmimilik etalonudur. Ondakı halal, yumşaq, kədərli yumor, qəlbi dalamayan şux zarafatlar, iblisanə kinayədən, şeytani istehzadan xali müqəddəs gülüş janrın örnəyi kimi araşdırılmaq, öyrənilmək səviyyəsindədir. Elə bil bu kitab İblisin gözündən iraq yerdə yazılıb, Şeytanın nəfəsi onun bir sözünə, bir hərfinə toxunmayıb - belə kitablar bizim tanıdığımız dünyada çox deyil. Bu kitab uşaqlar üçünmü yazılıb, böyüklər üçünmü - bunu da bilmək olmur.

Əsər boyu qəhrəmanın keçdiyi yolda pislik, yamanlıq yoxdur, çətin dövrdə, ağır şərtlər altında ötüşdürülən həyat xoş tamaşa, şən bir məclis kimi təqdim olunur. Pisliklər, yamanlıqlar haradasa uzaqlarda cövlan eləyir, onların da əks-sədası oxucuya cuna kimi təmiz, şəffaf yumor süzgəcindən keçiriləndən sonra çatdırılır ki, şərin ağır havası oxucunun ovqatını zəhərləyib şənliyinə haram qatmasın. Bu qədər şirin, dadlı, şirəli yumor salxımları yalnız sinəsini dərd şırımlamış, qəm becərmiş adamın qəlbində bar verə bilər.

Nodar Dumbadze 1928-ci ilin yayında Tiflisdə dünyaya gəlib. Raykom katibi vəzifəsində çalışan atası 37-nin repressiya dalğasında boğulub - əksinqilabi fəaliyyətdə suçlanan Vladimir Dumbadzeni həmin il güllələyiblər. Nodarın on yaşı tamam olmamış anasıyla iki qardaşını da QULAQ həbs düşərgəsinə sürüblər - illər keçmiş sürgündən salamat qayıdanda anası onu çətinliklə, yalnız bir əlamətinə görə tanıyıb. Ortalıqda başsız qalmış gələcək yazıçını Quriya bölgəsinin Xidistavi kəndində yaşayan Olqa nənəsinin himayəsinə veriblər. Kəndin adını çəkməsə də, müəllif mövzusunu kənddə keçmiş uşaqlıq, yeniyetməlik çağlarından götürdüyü, ona böyük şöhrət qazandırmış ilk romanında doğma diyarını da, nənəsini də, İliko ilə İllarionu da öz adıyla təqdim eləyir.

***

Roman 1960-cı ildə işıq üzü görüb. Uşaqlığın xiffətini çəkmək üçün ondan gərək azı qırx il uzaqlaşasan, ancaq Nodar Dumbadzenin qırx ili gözləməyə hövsələsi çatmayıb, elə bil duyurmuş ki, yer üzündə ona qıyılan möhlət o qədər də çox deyil, qazandıqlarını gün batmadan xərcləməlidir. Doğma kəndinin o vaxt hələ solmamış xatirəsi, onu gözünün işığı kimi bəsləyib boya-başa çatdırmış nənəsinin ölməz ruhu, ona əmidən-dayıdan artıq olmuş İlikonun, İllarionun əbədiləşmiş surəti dəcəl Zurikelanın yaşlanandan sonra da dadına yetib, onun bir əlini şöhrətə, o biri əlini nemətə çatdırıb. İlk romanı gənc müəllifə görünməmiş uğur gətirib, çəkdiyi ehtiyaclara, qatlaşdığı kasıblığa birdəfəlik son qoyub.

Aləmə ün salan dördlük (Merini də bura qoşsaq, beşlik də deyə bilərik) jurnaldan-jurnala, kitabdan-kitaba adlayıb, dildən-dilə çevrilib, səhnələri dolaşıb, ekrana köçüb (Tengiz Abuladzenin 1962-ci ildə çəkdiyi filmi nəzərdə tuturam). İliko onu acıdil qələmə verdiyinə görə yazıçıdan küsüb, İllarion müəllifindən qonorar istəyib. Ancaq adları, surətləri uzaq ölkələrdə də tanınandan sonra, getmədikləri, gəzmədikləri diyarlardan sevənləri onların görüşünə axışandan sonra ömrünü yarı obraz, yarı prototip kimi yaşayan qocaların küskünlüyü də qədirbilən Zurikelanın gördüklərinə möhür vurmuş, silinməz izlər salmış gözlərinə fəda olub.

Mən bu əsəri hərf tanımağa başladığım çağlardan oxuyuram. Neçə kərə gözdən keçirmişəm, neçə qat varaqlamışam, bilmirəm. Bircə bunu bilirəm ki, mənim Gürcüstanla da, gürcü xalqı, gürcü ədəbiyyatıyla da tanışlığım Olqa nənədən, Zurikodan, İllariondan, İlikodan, Meridən başlanır. Elə bilmişəm Gürcüstanda bütün itlərin adı Murada, bütün inəklərin adı Pakizodur. Elə bilmişəm bu xalq uşağından-böyüyünəcən yumorla, zarafatla nəfəs alır, bu ölkədə hamı hər gün çaxır içib şən mahnılar oxuyur. Gürcüstan, Quriya dağları xəyalımda əfsanəvi diyar kimi canlanıb.

Nodar Dumbadzenin ilk romanıyla tanışlıqdan sonra gürcülər haqda yaranmış ilkin təəssüratım bu gün də canımdan çıxmayıb. Sonrakı illərdə oxuduğum “Ağ bayraqlar”, “Mən günəşi görürəm”, “Əbədiyyət qanunu” romanları, “Kukaraça” povesti bu təəssüratı daha da gücləndirdi. Bunların üstünə Çabua Amirecibi, Otar Çiladze, Erlom Axvlediani, Qoderdzi Çoxeli kimi yazıçıların yaradıcılığını, Tengiz Abuladze, Revaz Çxeidze, Georgi Daneliya, Otar İoseliani kimi rejissorların bu gün də maraqla baxılan filmlərini, sovet futbolunun flaqmanlarından olmuş Tbilisi “Dinamo”sunun adlarını, fəndlərini indiyəcən unutmadığım məşhur oyunçulardan ibarət komandasını da gələndə təəssürat tamamlanır. Onlar bir zaman vətənlərini, xalqlarını milyonlarla mənim kimi gəncə öz sənətləri, peşələriylə sevdirməyi bacarmışdılar...

***

Əsərin qəhrəmanı Zurab Vaşalomidzenin nənəsindən başqa doğması yoxdur. Uşağın ata-anasının haralarda olduğu, öldüsü-qaldısı bilinmir - görünür, repressiya havasının hələ çəkilmədiyi zamanda müəllif gerçəyi yaza bilməyib, yalan yazmağa da əli gəlməyib. Ancaq Zurikelaya kimsəsiz də demək olmaz, əziz, mehriban qonşuları İllarion Şevardnadze ilə İliko Çiqogidze ona doğmadan, qohumdan da yaxındırlar. Roman qəhrəmanın dilindən yazılıb, əsərin əvvəlində Zuriko deyir: “Mənim kəndim Quriyada ən gözəl, ən füsunkar kənddir. Mən onu yer üzündəki kəndlərin hamısından çox istəyirəm, çünki orada mənim nənəm, İliko, İllarion, bir də itim Murada yaşayır”.

Zurab Vaşalomidze nümunəvi şagird olmadığını, nənəsinin tez-tez məktəbə çağırıldığını oxucudan danmır: “Cəsarətlə deyə bilərəm ki, orta məktəbi nənəmlə birgə bitirmişəm. Məncə, bu, bəşər tarixində yeganə hadisədir”. Nümunəvi olmasa da, Zuriko çox səmimidir, yalanı da başqasına ziyan vurmaq üçün yox, vəziyyətdən çıxmaq üçün, ya da qocaların biriylə əlbir olub o birinə kələk qurmaq üçün danışır. Yeniyetmə qəhrəman özünü oxucuya belə tanıdır: “Mən adicə kənd uşağıyam. Çantamda həmişə meyvə, quşatan, bir də oyuncaq tapança olur. Qırov düşənə kimi məktəbə ayaqyalın gedirəm. Bircə şalvarım var, o da yamaqlı. Hər il iki dərsdən payız imtahanına qalıram. İtim Murada quyruq kimi dalımca düşdüyünə görə kənddə mənə “itbaz”, məktəbdə “kələkbaz, tənbəl” deyirlər, nənəmsə məni “yaramaz” deyib çağırır... Nənəmin mənə acığı tutanda çaxır anbarında yatıram, elə ki barışdıq, yenə öz otağıma köçürəm. Gündüzlər nənəm əlində çubuq bəlalı başıma lənət yağdıra-yağdıra məni qovur, axşamlar isə ayaqlarımı yuyur, mən yuxulayanda məhəbbətlə üzümdən öpür... Bütün Quriyada nənəmdən betər qarğış tökən tapılmaz, amma onun qarğışları məni qorxutmur. Bir dəfə özü deyib ki, dildə səni qarğısam da, ürəyimdə xeyir-dua verirəm”.

Az qala babası yaşda olan kişilərlə Zuriko tay-tuşu kimi davranır, qocalarla araq, çaxır içir, tütün çəkir, ova gedir, alverə girir, bununla birləşib ona kələk qurur, sonra da onunla əlbir olub bunun başına oyun gətirir. Zarafat kiməsə zərər vursa da, heç kim heç kimdən incimir, hər oyun yeyib-içməklə, deyib-gülməklə sona çatır, dərdli insanlar dərdi bu yolla azdırırlar. Birgə dovşan ovuna çıxdıqları vaxt çöldə açdıqları süfrə başında sərxoş İllarion Zurikoyla dostluğuna belə şərh verir: “Mənim otuz yaş səndən böyük olmağım boş şeydir! Sən yaşda olmuşam? Olmuşam! Sən mən yaşda olacaqsan? Olacaqsan! Elə isə aramızda nə fərq var? Əsla fərq ola bilməz! Kimin başında saçı çoxdur - məgər bunun mənası var? Yox, əsla yoxdur! Biz dostuq, ona görə də içək dostluğun sağlığına!”

Davamı növbəti sayımızda...

Fəxri Uğurlu

Seçilən
16
50
yeniazerbaycan.com

10Mənbələr