Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ötən gün ABŞ Prezidenti Donald Trampla telefon danışığında ABŞ-yə 600 milyard dollar sərmayə yatırmaq istədiyini bildirib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ağ Evdən yazılı açıqlama verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Yaxın Şərqə sabitliyin gətirilməsi, regional təhlükəsizliyin gücləndirilməsi və terrorla mübarizə, eləcə də ABŞ və Səudiyyə Ərəbistanı arasında növbəti 4 il üçün iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
Şahzadə bin Salman danışıq zamanı Səudiyyə Krallığının qarşıdakı 4 il ərzində ABŞ-a 600 milyard dollar sərmayə qoymaq istədiyini bildirib.
O, həmçinin əlavə imkanlar yaranarsa, bu rəqəmi artıra biləcəyini də vurğulayıb.
"AzPolitika.info"