Təbriz Universitetinin tələbəsi, tələbə hərəkatı fəalı 21 yaşlı Ehsan Fəridi 220 gündür qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Bu barədə onun ailəsinə yaxın mənbələr məlumat yayıb.
Bildirilib ki, Fəridinin həbsinin üstündən 7 aydan çox keçməsinə və onun İnqilab Məhkəməsində mühakimə olunmasına baxmayaraq, barəsində hələ də hökm çıxarılmayıb.
"Onun mühakiməsi vəkillə təmin edilmədən və videokonfrans şəklində keçirilib. O, təhlükəsizlik məsələlərində günahlandırılsa da konkret nədə ittiham olunduğu açıqlanmayıb",- məlumatda deyilir.
Fəridinin işinin bir hissəsi üzrə məhkəmə iclası ötən ilin sentyabr ayında Təbriz Cinayət Məhkəməsində keçirilib və o, işinin bu hissəsinə görə 18 ay həbs cəzasına məhkum edilib.
Bundan sonra gənc tələbənin Təbriz İnqilab Məhkəməsində 2 avqust 2024 və 11 dekabr 2024-də videokonfrans şəklində məhkəməsi olub.
Qeyd edək ki, Təbriz Universitetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin tələbəsi Ehsan Fəridi mayın 19-da Ümumi və İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilərək şəhərin mərkəzi həbsxanasına köçürülüb.
Onun barəsində irəli sürülən ittiham barədə açıqlama verilməyib.
Bundan əvvəl martın 8-də də təhlükəsizlik qüvvələri Fəridini həbs edib, 10 gün dindirdikdən sonra sərbəst buraxmışdılar.
visiontv.az