"Turan Tovuz"un qapıçısı İvan Konovalov ölkəsi Rusiyanın mediasına müsahibəsində Azərbaycan futbolu barədə danışıb.
QOL.az xəbər verir ki, 30 yaşlı futbolçu "Matç TV"yə geniş müsahibəsində əvvəlcə Misli Premyer Liqası, çempionatın səviyyəsi və digər mövzular haqda danışıb.
Müsahibənin Azərbaycana aid hissələrini təqdim edirik:
- Artıq altı aydır ki, Azərbaycandasan. Bu ölkədə keçirdiyin vaxtı necə qiymətləndirsən?
- Ondan başlayım ki, çempionatın özünəməxsus xüsusiyyətləri var. Burada on komanda yarışır və onların hamısı bir-birindən xal ala bilər. Liqanın özü də olduqca çətindir. Çünki ən azı altı klub dörd avrokubok yeri uğrunda mübarizə aparır. Eyni zamanda, Azərbaycan futbolunun flaqmanı “Qarabağ”dır. O, həm də çempionluğa əsas namizəddir. “Neftçi” də var, amma çempionata pis başlayıblar. Buna baxmayaraq, hələ çox oyunlar var, yenə də istədiklərini ala bilirlər.
- "Turan Tovuz"un liderlər qrupunda olması sizi şoka salmayıb? (müsahibə 19-cu turdan əvvəl götürülüb - red.)
- Məni təəccübləndirmir. Axı, Kurban Berdıyev hətta dünyanın 100 ən yaxşı məşqçisinin reytinqində olub (2021-ci ildə mütəxəssis "Clubelo" analitik saytınəm versiyasına görə planetin ən yaxşı məşqçiləri siyahısında 27-ci yeri tutub). Onun səmərəli işi, komandamızla bölüşdüyü əvəzsiz təcrübəsi var. Bu, bizə yaxşı çıxış etməyə imkan verir.
- Kurban Berdıyevi sadə azarkeşlərə necə izah edərdin?
- Detallar. Onun qədər az adamın diqqət yetirdiyi detallar var. Elə elə kiçik şeylərdir ki: ayağınızı necə düzgün yerləşdirmək, necə ötürmə vermək. Fərq yaradan onun təfərrüata diqqəti, hətta bu mənada vasvasılığıdır.
- Azərbaycanın ən yaxşı komandaları Rusiyada ilk onluqda ola bilərdilərmi?
- "Qarabağ” yüz faiz olardı. “Sabah” da bunu edə bilərdi. Ola bilsin ki, “Zirə” də bunu edə bilərdi, amma bunu dəqiq söyləmək çətindir. “Neftçi” bu mövsümə pis başlamışdı, amma sonra bir az düzəldilər. Çox yaxşı yerli oyunçuları var. Odur ki, bizdə ilk onluğa düşə bilərdilər.
- Azərbaycanda olduğunuz müddətdə sizin xüsusilə nə yadınızda qalıb?
- Güclü küləyi. Axı, mən Şotlandiyada oynamışam. Mən ora gedəndə özümü zehni olaraq hazırlayırdım ki, bu, Dumanlı Albiondur və Britaniya adalarında çox küləkli olacaq. Bəli, külək var. Amma o, Bakıdakı kimi dəlivari deyil! Mən, ümumiyyətlə təəccübləndim. Çöldə on dərəcə isti var, amma belə küləkdə adama elə gəlir ki, temperatur əslində sıfırın altındadır. Xüsusilə qışda. Noyabrdan bəri çox soyuqdur. Bilməyəndə təəccübləndim ki, niyə burada, noyabrın 15 dərəcə istisində insanlar qış gödəkçələri geyinirlər. Sonra özün küçəyə çıxanda deyirsən ki, gərək isti kurtka geyinə idim.
Futbola gəlincə, infrastruktur məni heyran etdi. Çoxlu yeni stadion tikilib və başqaları da tikilməkdədir. Üstəlik meydançalara keyfiyyətli yanaşma var. Sintetik olsa belə, çox yaxşıdır. Müqayisə üçün deyim ki, mən Qazaxıstanda oynayanda orada elə meydançalar vardı ki, sadəcə mənfi mənada heyrətlənirdim... Amma burada inkişafı görmək olar. Həmin “Qarabağ” üç stadionda oynayır və bu arenaların hamısının mükəmməl meydançaları var. Orada oynamaq xoşdur.
- Bir yazıda oxudum ki, səni Azərbaycan çempionatına gələn ən yaxşı yeni futbolçulardan adlandırmışdılar. Özün özündən razısanmı?
- Yeri gəlmişkən, mən Azərbaycan futbolunun tarixinə düşmüşəm. İkinci əcnəbi qapıçıyam ki, beş matçda qapını toxunulmaz saxlamışam. Düzdü, burada müəyyən məqamlar var. Amma əsas odur ki, məşqçilər korpusu mənim oyunumdan razı qalsın. Bunda həmişə bəzi nüanslar olir. Bəzən qol buraxırsan, məşqçi deyir ki, heç nə etmək mümkün deyildi və öz-özünə fikirləşirsən: “Necə? Axı, o topu çıxarmaq elə də çətin deyildi”. Özünü daha çox tənqid etməyə başlayırsam. Amma ümumilikdə mövsümün ilk hissəsi həm komandam, həm də mənim üçün də çox yaxşı keçdi. İndi biz uğurlarımızı möhkəmləndirməli və ilk üçlükdə qalmalıyıq.
- Çempionatın ilk yarısındakı çıxışlarına baxmayaraq, Rusiya millisinin genişləndirilmiş siyahısına belə çağırılmamağın səni təəssüfləndirmir?
- Təəssüflənəcək nə var ki? Bu o deməkdir ki, Rusiya millisinin məşqçilər korpusu daha yaxşı bilir. Ola bilsin, mövsümün sonunda avrokubok zonasına düşəndə mənə diqqət yetirsinlər. Ola bilsin ki, məşqçilər indi də məni izləyirlər. Məni dəvət edib-etməmək barədə düşünürlər, bilmirəm. Mən sadəcə digərləri çağırılarkən bu məqamlara yüklənməmişəm. Təbii ki, milli komandaya düşmək istərdim. Bugünkü reallıqda belə, bu, böyük şərəfdir. Axı, sən bu ölkədə doğulmusan, hər halda sənin vətənindir.
- “Baltika”dan ayrıldıqdan sonra "Turan"a keçmək variant necə yarandı?
- Klubun qapıçılar üzrə məşqçisi Yevgeni Şetinin mənə zəng etdi, gələcək planlarımla maraqlandı və komandaya dəvət etdi. Bu barədə düşünəcəyimi dedim. Amma məni komandada görmək istəyən Kurban Berdıyevlə yenidən işləmək mənə dərhal maraqlı gəldi. Düşündüm, ailəmlə müzakirə etdim və qərar verdim. Təbii ki, mən Rusiyanı tərk etmək istəmirdim. Amma sonra avrokuboklar uğrunda mübarizə aparmaq və yenidən həmin oyunlarda oynamaq imkanı yarandığını da düşündüm. Yenidən bu səviyyədə özümü sınamaq istədim.
- Bir ildən sonra özünü harada görmək istərdin?
- Rusiya Premyer Liqasında yüksək yerlər uğrunda mübarizə aparan komandada. Orada hər şey doğmadır. Şotlandiyada olanda da istənilən halda rusca düşünürdüm. Yenidən köklənmək çətin idi. Yəni mənim rus ruhum var, başqa nə deyim?