AZ

Azərbaycanın Suriyaya verdiyi dəstək İsraillə münasibətlərə necə təsir göstərəcək? - AÇIQLAMA

“Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcək”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə səfiri Cahit Bağçını qəbul edərkən deyib. 

 

Bu, Azərbaycanla İsrail arasındakı münasibətlərə hansısa formada təsir edə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, burada əsas məsələ humanitar yardımdan gedir:

 

“Bir növ insanların yaşamını təmin etmək üçün ərzaqdan tutmuş tibbi yardımlara qədər özündə ehtiva edir. Çünki bu gün Suriyanın ən çox ehtiyacı olan məsələlərin başında bu dayanır. Nəzərə almaq lazımdır ki, bu gün dağılmış Suriya yenidən qurulur və burada öz yurd-yuvalarını tərk etmiş insanlar kütləvi şəkildə geri qayıdırlar. Belə bir vəziyyətdə əlbəttə, Suriya dövlətinin bütün təminatı ortaya qoymaq, təşkil etmək imkanları məhduddur. Bu baxımdan dost, qardaş ölkələrə ehtiyacı var.  Azərbaycan da bilavasitə bu məsələdə yardım etməyə çalışır. İlk növbədə ona görə ki, qardaş Türkiyə Suriyada çox ciddi şəkildə öz varlığını davam etdirir və bu da həm Türkiyə, həm də Azərbaycanın geosiyasi maraqlarına xidmət edir. Digər tərəfdən, Suriyada toplumun əksəriyyəti türkmənlərdir, buna görə də Azərbaycanın yardımı həm Türkiyə ilə münasibətlər kontekstində, həm də insanlıq naminə doğru bir addımdır. Bu yardımlar əslində toxumun səpilməsidir. Yəni perspektivdə bu, cücərəcək, təbii ki, Azərbaycan və Türkiyənin regionda, xüsusən Yaxın Şərqin qapısı olan Suriyada olan mövqeləri güclənəcək”.

 

Müsahibimiz qeyd etdi ki, Azərbaycan strateji müttəfiqi olan Türkiyənin hər bir vəchlə yanındadır:

 

“O ki qaldı, İsraillə Azərbaycanın münasibətlərinə, bu cür yardımlar hər hansı bir üçüncü ölkəyə qarşı deyil. Əksinə, Suriyada Əsəd rejimi devriləndən sonra bu ölkənin yenidən ayağa qalxmasına xidmət edir. Yəni bu, İsrailə qarşı bir proses deyil. Düşünürəm ki, gələcəkdə İsrail özü də Suriya ilə normal münasibətlər qura bilər, bunu qətiyyən istisna etmirəm. Düşmən olmaqdansa, qonşu olan Suriya ilə İsrailin normal münasibətlərinin olması daha uyğun olardı. Perspektivdə Yaxın Şərqdə bir çox ərəb ölkələrinin İsraillə yenidən münasibətləri tənzimləməsi prosesini görəcəyik. Nəzərə almalıyıq ki, ABŞ-də Donald Tramp hakimiyyətə gəlib və onun siyasətlərindən biri də ərəb ölkələrini İsraillə barışdırmaq, onun təhlükəsizliyini təmin etmək istəyidir. Yəni bunun Azərbaycan-İsrail münasibətlərinə zərrə qədər zərəri olmayacaq, çünki bizim niyyətimiz bəllidir və burada hər hansı düşmənçilik elementi mövcud deyil”.

 

Günay Rəsulqızı 

Seçilən
17
13
sfera.az

10Mənbələr