Bakı, 24 yanvar, AZƏRTAC
Yaşayış binalarına, o cümlədən yanğınsöndürmə inventarlarına, su hovuzlarına gedən yolların üzərində olan maneələri aradan qaldırmaqla yanğınların söndürülməsi üçün zəruri olan vaxta qənaət etmiş oluruq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev deyib. O bildirib ki, Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış sektorunda yanğınsöndürmə əməliyyat şəraitinin stabilliyinin qorunması məqsədilə monitorinqlər həyata keçirir: "Bu tədbirlər çərçivəsində yaşayış binalarının giriş-çıxış hissələrində olan maneələr aradan qaldırılır. Bu maneələr hadisə vaxtı yanğınsöndürən avtomobillərin yanğın yerinə çatmasını gecikdirir. Bu da həmin yerlərdə xəsarətlərin sayını, həmçinin obyektə dəyən ziyanın miqyasını artırır. Beləcə, yanğının söndürülməsi gecikir və alov digər ərazilərə keçir".
FHN rəsmisinin sözlərinə görə, avtomatik çəpərləmə mexanizmindən olan şlaqbaunların quraşdırılması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var: "Həmin qərarla mühüm əhəmiyyətli obyektlərin mühafizəsini təmin etmək üçün mühəndis qurğularının tətbiqi ilə bağlı xüsusi tikinti normaları qəbul edilib. Sözügedən ərazilər avtomotik çəpərləmə mexanizmi ilə mühafizə oluna bilər. Bu mexanizmlərin nəzarət pultları da həmin obyektlərin buraxılış məntəqələrində olmalıdır. Hazırda tədbirlər həyata keçirilən ərazilər Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan yaşayış sektoru olmadığı üçün bu maneələrin quraşdırılması yanğın təhlükəsizliyi qaydalarına ziddir. Bu, qanunvericiliyin tələblərinin pozulmasıdır", -deyə o əlavə edib.