Dünən Təbrizdə milli fəallar Səməd Heydəri və Rza Səlimi ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin qüvvələri tərəfindən saxlanılıblar.
Məlumata görə, gənc fəalların həbsinə səbəb onlar barəsində xüsusi şikayət olub.
Qeyd olunub ki, şikayəti əsas gətirən ETTELAAT qüvvələri milli fəalların iş yerinə basqın edərək onları həbs ediblər.
***
Təbriz Universitetinin tələbəsi 21 yaşlı Ehsan Fəridi 220 gündür qeyri-müəyyən vəziyyətdə Təbriz zindanında həbsdə saxlanılır. Onun həbsinin üzərindən 7 aydan çox keçməsinə və onun İnqilab Məhkəməsində mühakimə olunmasına baxmayaraq, hələ də Ehsan Fəridi barədə hökm çıxarılmayıb.
Məlumata görə, güneyli tələbənin mühakiməsi vəkil təmin edilmədən və videokonfrans şəklində həyata keçirilib. O, təhlükəsizlik məsələlərində günahlandırılsa da, dəqiq nə ilə ittiham edilməsi bəlli deyil.
Qeyd olunub ki, Ehsan Fəridinin işinin bir hissəsi ötən ilin sentyabr ayında Təbriz Cinayət Məhkəməsində keçirilib və o, 18 ay həbs cəzasına məhkum edilib.