Peşə təhsili verən müəllimlərin rəqəmsal bacarıqları yenilənməlidir
"Report" xəbər verir ki, bunu Peşə Təhsil Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov “Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransın birinci panelində deyib.
O, peşə təhsili müəssisələrində çalışanların bacarıqlarının artırılması mövzusuna toxunaraq bu mövzu barədə panel iştirakçılarına suallar ünvanlayıb.
Dövlət mtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbə müdiri, pedaqogika üzrə fəsəfə dokturu, dosent Nəzakət Mehdiyeva təhsil verənlərin hansı inkişaf yolundan keçməsindən danışıb:
"Biz istəsək də, istəməsək də, inkişaf yolu keçirik. Bu səbəbdən təhsil verənlərin müasir səriştələrdən uzaq qalmaması, rəqəmsal təhsil sisteminə uyğunlaşması önəmlidir".
ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova müəllimlərin peşəkar təlimlərə cəlb olunmasını vacib saydığını bildirib:
"Bütün müəllimlər fərqlidir. Kimsə öz üzərində çox işləyir, kimsə az. Yaxud da biri işə təzə gəlib, biri gec. Bir proqramı necə bütün müəllimlərə təklif edək? Onların direktor müavini, yaxud peşə təhsili müəssisəsinin başqa işçiləri tərəfindən peşəkar təlimlərə cəlb edilməsi vacibdir".
DİM-in Dövlət dili və xarici dillər üzrə şöbə müdiri Könül Hacıyeva peşə təhsili müəssisələrinin direktorlarının korperativ biliyi olan şəxs olmasının vacibliyini vurğulayıb:
"Hər bir müəllimin inkişafa ehtiyacı var. Məktəb direktoru korperativ biliyi olan şəxs olmalıdır. Onlar peşə təhsili sahəsində praktiki təcrübələrdən xəbərdar olmalıdır. Həm peşə təhsili müəssisələrinin rifahının artırılması, həm də müəllimlərin inkişaf edə bilməsi baxmından addımlar atılmalıdır".
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev natiqlərin fikirlərinə qatılaraq təhsilverənlərin peşəkar bacarıqlarının inkişafının önəmli məqam olduğunu söyləyib:
"Bu gün yenilənən elmi tərəqqi var. Peşə təhsili müəssisələrindəki müəllimlərə xüsusi stimul vermək lazımdır".